www.science.az
04.07.2017 15:30

AMEA-nın Naxçıvan Bölməsində bir sıra nəşrlərin təqdimatı keçirilib

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz QuliyevDilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu “Naxçıvan dialekt və şivələrinin lüğəti” və Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı kitabların təqdimat mərasimi keçirilib.

Bölmənin Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə kitabxananın direktoru Nuridə Kəngərli çıxış edərək hər iki nəşrin elmi dəyərindən danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində çap olunan “Naxçıvan dialekt və şivələrinin lüğəti” adlı kitabda Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən üç mindən artıq dialekt sözlər toplanılıb, onların mənası dəqiqləşib, işlənmə məqamları verilib.

N.Kəngərli “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” kitabında isə Azərbaycan mətnşünaslığında ilk dəfə olaraq XIX əsrin sonu - XX əsrin əvvəlləri Naxçıvana dair əlyazma qaynaqları, onların təsvir prinsipləri, filoloji-tekstoloji təhlili və digər səciyyəvi xüsusiyyətlərinin araşdırıldığını deyib. Qeyd olunub ki, nəşrdə 30-dan çox arxivdə mühafizə olunan Azərbaycan, türk, rus, fars və ərəb dillərində Naxçıvana dair elmi, bədii, fəlsəfi və tarixi məzmunlu salnamələr sistemli tədqiqata cəlb edilib.

Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev, həmin institutun şöbə müdirləri - filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev, Elxan Məmmədov, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və digərləri çıxış edərək Naxçıvanda dialekt və şivələrin, eyni zamanda əlyazma mətnlərinin toplanılması, nəşri və təbliği barədə öz fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.