Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qalayeri yaşayış məskənindən Qafqazın ən qədim qəlibi aşkarlanıb
03.07.2017 11:00
  • A-
  • A
  • A+

Qalayeri yaşayış məskənindən Qafqazın ən qədim qəlibi aşkarlanıb

2017-ci ilin may-iyun aylarında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya qrupu Qəbələ rayonu ərazisindəki e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirib.

Tədqiqatlar Leylatəpə arxeoloji mədəniyyətinə aid bu yaşayış yerinin Ön Asiyanın, xüsusilə Şərqi Anadolunun qədim sivilizasiyaları ilə sıx əlaqələrinin mövcudluğunu, e.ə. IV minilliyin birinci yarısında həmin bölgələrdən Azərbaycan ərazisinə kütləvi miqrasiyaların baş verdiyini sübut edən abidələrdən biri olduğunu göstərib.

Son qazıntılar zamanı Qalayerində ilk dəfə olaraq iri ölçülü yarımqazma və onun içərisində qazılmış ikinci dayaz quyu aşkar edilib. Bundan əlavə, Qafqazda metal külçələr üçün nəzərdə tutulmuş ən qədim qəlib aşkarlanıb. Bu qəlibin tapılması hələ 6 min il əvvəl Qalayerinin sakinlərinin metallurgiyanı inkişaf etdirdiyini, külçələri çox ehtimal Yaxın Şərqə apararaq metal ticarəti ilə məşğul olduqlarını göstərir.

Həmçinin qazıntı zamanı küp tipli saxsı qablarda körpə uşaq qəbirləri, dulus kürəsi, minlərlə saxsı qab fraqmentləri, çıraq qalığı, müxtəlif növ daşlardan və sümükdən hazırlanmış alətlər və digər əşyalar da aşkar edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: