www.science.az
03.03.2014 00:00

AMEA Şamaxı Astrofizika Rəsədxanasında Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd rəsədxana əməkdaşlarının fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, ilkin tibbi yardımın göstərilməsi, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə çıxış edən rəsədxananın MM qərargah rəisi Bahadır Abdullayev Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-nin bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edildiyini, Azərbaycanın isə bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildən daxil olduğunu bildirib.

1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Gününün hər il konkret bir mövzuya həsr olunduğunu söyləyən B.Abdullayev fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülki müdafiə orqanlarının qarşısında duran əsas vəzifə olduğunu qeyd edib.

Sonra qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.