Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.06.2017 16:25
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində prioritet istiqamətlərdə araşdırmalar aparılır

Lənkəran Regional Elmi Mərkəzində prioritet istiqamətlərdə araşdırmalar aparılır

19-20 iyun 2017-ci il tarixlərində AMEA-nın vitse-prezidenti, akademik Dilqəm TağıyevYer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə Lənkəran Regional Elmi Mərkəzində olublar.

Mərkəzin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev rəhbərlik etdiyi müəssisənin strukturu, fəaliyyət istiqamətləri və burada aparılan tədqiqatlar barədə qonaqlara ətraflı məlumat verib.

Sonra akademik Dilqəm Tağıyev Azərbaycan aqrar elminin inkişafı tarixində əvəzsiz xidmətləri olan F.Quliyevi 80 illik yubileyi münasibəti ilə Rəyasət Heyəti adından təbrik edib və AMEA-nın Fəxri fərmanını alimə təqdim edib.

Akademik D.Tağıyev Lənkəran Regional Elmi Mərkəzinin AMEA-nın fundamental tədqiqat institutları ilə birgə elmi arşdırmalar aparmasının və prioritet istiqamətlərin yerli şəraitə uyğun seçilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra çıxış edən akademik Fəxrəddin Qədirov ölkə başçısının AMEA-nın Ümumi yığıncağındakı “Azərbaycan regionun elm mərkəzinə çevrilməlidir!” çağırışını xatırladıb. Bildirib ki, bu çağırışa cavab olaraq AMEA Rəyasət Heyəti regionlarda elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsinə və müasir elmi tədqiqatların aparılmasına diqqət artırır.

Akademik Validə Əlizadə isə çıxışında Lənkəran zonasında botanika elminin müasir istiqamətləri üzrə aparılacaq tədqiqat işlərindən danışıb.

Daha sonra nümayəndə heyəti mərkəzin Subtropik bitkilər şöbəsinin təcrübə sahəsi, həmçinin Arxeologiya şöbəsində regionda arxeoloji abidələrin monitorinqi, yeni abidələrin aşkar edilməsi istiqamətində görülən işlərlə tanış olublar.

Gələcəkdə Lənkəran Regional Elm Mərkəzinin nəzdində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə Arxeoloji fondun və açıq səma altında Arxeo-etnoqrafik muzeyin yaradılması istiqamətində işlərin aparılması tövsiyə edilib.

Görüşdə Lənkəran Regional Elmi Mərkəzində aparılan elmi tədqiqatların AMEA-nın əsas institutlarının elmi araşdırmaları ilə əlaqələndirilməsi məsələsinin vacibliyi vurğulanıb. Həmçinin müvafiq sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda kollektiv üzvlərini maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: