www.science.az
28.02.2014 00:00

Beynəlxalq təşkilatların kənd təsərrüfatı üzrə ekspertləri ilə görüş keçirildi

27 fevral 2014-cü il tarixdə AMEA Aqrar Elmlər Bölməsində müxtəlif beynəlxalq təşkilatlarının kənd təsərrüfatı üzrə ekspertləri ilə görüş keçirildi.

Görüşdə AR Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev, AR KTN-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Rüfət Rüstəmzadə, bitki mənşəli istehsal sistemləri üzrə ekspert, Dr.Mustafa Pala (Türkiyə), İCARDA-nın eksperti Lamia El-Fattal (Suriya), Kənd Təsərrüfatı Tədqiqatları Siyasəti və Sistemləri üzrə müstəqil müşavir, Dr. Hovard Eliot (Kanada), İCARDA-nın region üzrə koordinatoru, aqronom Aziz Nurbekov(Özbəkistan) iştirak edirdilər. Əsas məqsəd AMEA Aqrar Elmlər Bölməsinin aqrar sahədə elmi koordinator kimi AR KTN-in tabeliyində olan Elmi-Tədqiqat institutlarında əsaslı islahatların aparılmasına göstərdiyi dəstək istiqamətində nəzərdə tutulan işləri müzakirə etmək idi.

AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovümummilli lider Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycanın kənd təsərrüfatının dirçəldilməsi istiqamətində gördüyü işlərdən, eləcə də 1993-2003-cü illərdə onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra rəhbərliyi altında respublikada aparılan aqrar islahatlardan, əldə olunan nailiyyətlərdən, onların nəticələrindən bəhs etdi. Bildirdi ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı, bu məqsədlə aqrar sahədə həyata keçirilən islahatlar, xüsusən onun tərkib hissəsi olan torpaq islahatlarının aparılması, bu istiqamətdə qazanılan uğurlar bilavasitə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. O, H.Əliyevin rəhbərliyi altında bu sahədə 40-dan artıq qanun, məcəllə qəbul olunduğunu, 52 fərman və sərəncam imzalandığını diqqətə çatdırdı.

AR Prezidenti İlham Əliyevin 2003-cü ildən sonra aqrar sektorun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Q.Məmmədov dövlət əhəmiyyətli proqram və layihələrin həyata keçirilməsi nəticəsində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında məlumat verdi.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, AMEA Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli qərarı ilə AMEA-nın tərkibində Aqrar Elmlər Bölməsinin yaradıldığını bildirdi. Qeyd etdi ki, bölmənin yaradılması ilə aqrar sektorda idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi istiqamətində alimlərin fəaliyyətinin bir mərkəzdə qarşıya qoyulmuş məqsədə yönəldilməsi zərurəti yaranmışdır.

Akademik Q.Məmmədov KTN elmi-tədqiqat institutlarının əksəriyyətinin müasir tələblərə cavab vermədiyini və orada elmi mühitin yaradılması üçün bu institutların AMEA-nın nəzdinə keçirilməsinin vacibliyini vurğuladı. O, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahədə həyata keçirilən elmi-tədqiqatlar sisteminin təkmilləşdirilməsi və onun dünya təcrübəsinə uyğunlaşdırılması baxımından bu görüşün keçirilməsinin əhəmiyyətini qeyd etdi, gələcəkdə beynəlxalq təşkilatlar ilə sıx əlaqələrin yaradılmasına böyük ehtiyac olduğunu söylədi.

Sonra fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Q.Məmmədovun müəllifi olduğu, 3 dildə nəşr olunan (azərbaycan, ingilis və rus dillərində) “Azərbaycanda Heydər Əliyevin aqrar siyasəti” adlı kitab qonaqlara təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.