Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.06.2017 09:10
  • A-
  • A
  • A+

Çinli alim İqtisadiyyat İnstitutunda məruzə ilə çıxış edib

Çinli alim İqtisadiyyat İnstitutunda məruzə ilə çıxış edib

Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Changhonqun rəhbərliyi altında bir qrup nümayəndə heyəti AMEA-nın İqtisadiyyat İnstitutunda olub.

İnstitutun direktoru, professor Nazim İmanov ilə baş tutan görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqatların aparılması məsələləri müzakirə edilib.

Görüşdə P.Changhonq çıxış edərək iki ölkənin ali elmi qurumu arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu və gələcəkdə daha da möhkəmləndirilməsi istiqamətində addımların atıldığını söyləyib.

Tədbirdə İqtisadiyyat İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mayis Gülalıyev “Çin iqtisadiyyatında modelyaradıcı dövlət müdaxiləsinin makroiqtisadi təsirləri” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Çin iqtisadiyyatında baş verən iqtisadi proseslərin təhlilini aparıb.

Daha sonra AMEA-nın Əsas binasında Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin alimlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Professor P.Changhonq “Çinin müasir iqtisadi vəziyyəti: nailiyyətlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Çin iqtisadiyyatının müasir inkişaf səviyyəsindən, ölkəsində həyata keçirilən iqtisadi siyasətdən danışıb. Bildirib ki, Çinin hazırda xaricdəki investisiyalarının həcmi 1 trilyon dollardır və bu göstəricisinə görə dünyada üçüncüdür. Çinin dünya iqtisadiyyatında qloballaşmanı və tam liberallaşmanı, həmçinin azad ticarəti dəstəklədiyini deyən P.Changhonq ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri gücləndirməyə hazır olduğunu söyləyib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

Sonra akademik Ziyad Səmədzadə çıxış edərək Çin iqtisadiyyatında baş verən proseslər və aparılan iqtisadi siyasətin əsas mahiyyəti barədə danışıb. Akademik Çinin iqtisadi təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqinin zəruriliyini vurğulayıb.

Sonda P.Changhonqa İqtisadiyyat İnstitutunun xüsusi xatirə diplomu təqdim edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: