www.science.az
13.06.2017 16:02

Tanınmış dilçi alim Ahmed Bican Ercilasun AMEA-nın Naxçıvan Bölməsində olub

AMEA-nın Naxçıvan Bölməsində Türkiyənin tanınmış dilçi alimi, professor Ahmed Bican Ercilasunla görüş keçirilib.

Görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək A.B.Ercilasunun türk dünyasının tanınmış dilçi alimlərindən biri olduğunu söyləyib. Qeyd edib ki, alim uzun illər ərzində türk dili və ədəbiyyatına işıq tutan dəyərli elmi əsərlər ortaya qoyub.

Türkiyəli professor isə “Oğuznamə”nin tarixi ilə bağlı aparılan araşdırmalardan danışıb. O, “Kitabi-Dədə Qorqud” dastanındakı boyların “Oğuznamə”nin bir parçası olduğunu söyləyib.

Sonra professor bölmə əməkdaşlarının suallarını cavablandırıb.

Akademik İsmayıl Hacıyev tədbir çərçivəsində III cilddə “Naxçıvan Tarixi”, Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklopediyası” və bölmə haqqında kitabları türkiyəli qonağa hədiyyə verib.

A.B.Ercilasun isə “Türk Kağanlığı və Türk Bengü Taşlar” kitabını müəssisənin rəhbərinə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.