www.science.az
09.06.2017 11:55

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib

Respublikanın tanınmış alimi, Əməkdar elm xadimi, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Firudin İbrahim oğlu Məmmədov 2017-cı il iyun ayının 8-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Firudin Məmmədov 1936-cı il iyul ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunun neft-maxanika fakültəsinə daxil olmuş və 1958-ci ildə bu ali məktəbi avtomatika, telemexanika, elektrik ölçü qurğuları və cihazları ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1958-ci ildə Neftkimyaavtomat Elmi-Tədqiqat Layihə İnstitutunda laborant kimi başlayan Firudin Məmmədov 1961-1964-cü illərdə həmin elm ocağında I, II dərəcəli texnik, baş texnik, III dərəcəli mühəndis, 1964-1968-ci illərdə I dərəcəli mühəndis, II dərəcəli böyük mühəndis, baş elmi işçi vəzifələrində çalışmışdır. O, 1961-ci ildən 1964-cü ilədək çalışdığı institutun aspiranturasında təhsilini davam etdirmiş və 1967-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən taleyini Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialı – indiki Sumqayıt Dövlət Universiteti ilə bağlayan Firudin Məmmədov 1968-1974-cü illərdə baş müəllim, dosent, dekan olmuş, 1974-cü ildən isə sənaye elektrotexnikası, elektrik təchizatı və elektrik avadanlıqları, elektrotexnika və elektromexanika kafedralarında dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

O, 1993-cü ildə texnika elmləri doktoru elmi dərəcəsini, 1995-ci ildə professor elmi adını almış, 2001-ci ildə isə informatika ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Professor F.Məmmədov Azərbaycanda informatika və energetika  elminin inkişafında mühüm xidmətlər göstərmişdir. Onun uzun bir dövrü əhatə edən səmərəli elmi fəaliyyətinin başlıca istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil etmişdir. Alimin apardığı fundamental tədqiqatlardan əldə olunan mühüm nəticələri mütəxəssislər yüksək dəyərləndirmişlər.

Alim elmi yaradıcılığını daim pedaqoji fəaliyyətlə ahəngdar şəkildə əlaqələndirmiş və Azərbaycanın bir sıra ali təhsil ocaqlarında yüksəkixtisaslı kadrların yetişdirilməsində fəal iştirak etmişdir. O, nüfuzlu beynəlxalq elmi simpozium, forum və konfranslardakı çıxışları ilə Azərbaycan elmini ölkənin hüdudlarından kənarda da layiqincə təmsil etmişdir.

F.Məmmədov respublikamızda və xaricdə nəşr edilmiş 250-dən artıq elmi əsərin, 10-dək dərs vəsaiti və monoqrafiyanın, 30-dan çox ixtiranın müəllifidir. Alimin rəhbərliyi ilə 10-dan çox fəlsəfə doktoru hazırlanmışdır.

Tanınmış alimin elmi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müxtəlif fəxri ad və medallara, o cümlədən, 2007-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Firudin Məmmədovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.