Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.06.2017 12:58
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin 2016-cı il üzrə nəşrlərinin təqdimatı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin 2016-cı il üzrə nəşrlərinin təqdimatı keçirilib

İyunun 8-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun 2016-cı il üzrə nəşrlərinin təqdimat mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçılar muzeyin nəşrlərindən ibarət sərgi ilə tanış olublar.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbirin elmi baxımdan əhəmiyyətini vurğulayıb, rəhbərlik etdiyi qurumun mədəniyyət ocağı olması ilə bərabər, elmi təşkilat kimi də fəaliyyətindən, burada aparılan tədqiqat işlərindən söhbət açıb. Qeyd olunub ki, muzeydə saxlanılan tarixi eksponatları öyrənmək, onları təqdim, təbliğ və nəşr etdirmək bu qurumun əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində, təbliğində və ictimaiyyətə çatdırılmasında muzeyin rolunu xüsusi qeyd edən direktor təqdim olunan nəşrlər barədə ətraflı məlumat verib. Bildirib ki, muzey elmi məqalə toplusu, kitablar, kitab-albomlar, kataloqlar olmaqla ümumilikdə 11 nəşr təqdim edir.

N.Vəlixanlı deyib: “Muzeydə orta əsr tarixinə aid mənbələr çoxluq təşkil edir. Tariximizin öyrənilməsində bu əsrlərə aid mənbələrin rolu böyükdür. Artıq neçə ildir biz ekspozisiyada nümayiş olunmayan eksponatları müəyyən sahələr üzrə kataloq şəklində nəşr etdiririk. Bu il də muzey tərəfindən iki mühüm kataloq çap olunub”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan tarixinin, elminin inkişafında Milli Azərbaycan Tarixi Muzeyinin xidmətlərini xüsusi qeyd edərək yeni nəşrlərin əhəmiyyətindən danışıb.

Muzeydə qorunub saxlanılan materialların cəmiyyətə təqdim olunmasını yüksək dəyərləndirən akademik İ.Həbibbəyli yeni nəşrlərin AMEA-nın əməkdaşları və müxtəlif elmi müəssisələri üçün dəyərli mənbə olacağına əminliyini bildirib. Deyib ki, bu elmi nəşrlərin ictimaiyyətə, tədqiqatçılara təqdim olunması mədəniyyətimizin və tariximizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

İ.Həbibbəyli “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər”, “Şeyx əs-Siləfi və Azərbaycan”, “Qafqaz pulları” kitabları və digər nəşrlər haqqında fikirlərini bölüşüb.

Diqqətə çatdırılıb ki, akademik N.Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabında orta əsr ərəb tarixi və coğrafi mənbələri, eləcə də müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycanın VII əsrin ortalarına yaxın yeni dünya imperiyasının - Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan, XIII əsrin əvvəllərində bölgənin iqtisadi-mədəni yüksəlişinə müvəqqəti ara vermiş monqol hücumları ilə tamamlanan altıəsrlik dövrü əhatə olunub. Həmçinin kitabda həmin dövrün ərəbdilli 15 qaynağından Azərbaycana dair məlumatın şərhlərlə tərcüməsi verilib, ərəb işğalı nəticəsində Azərbaycan və onun əhalisinin tarixi taleyində baş vermiş köklü dəyişikliklər araşdırılıb. Əsərdə, o cümlədən Xilafətlə Azərbaycanın, eləcə də IX-XII əsr Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilib.

Tədbirdə çıxış edənlər təqdim olunan nəşrlər barədə təəssüratlarını bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: