www.science.az
08.06.2017 09:15

Arxeologiya və Etnoqrafiya İnstitutunda magistr dissertasiyaları müzakirə olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Magistr Dissertasiya İşlərinin Müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda institutun direktoru, müdafiə şurasının sədri, tarix elmləri doktoru Maisə Rəhimova, elmi şuranın üzvləri və AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak ediblər.

Müdafiəyə institutun əməkdaşları – İlahə Nəhmətovanın “Azərbaycanda islamaqədərki dəfn adətləri” və Nigar Məmmədovanın “Orta əsr Azərbaycan şəhərlərində gigiyenik vəziyyət” mövzularında magistr dissertasiyaları təqdim olunub. Magistrlar mövzunun aktuallığı, dissertasiya işlərinin fəsilləri, istifadə olunan mənbələr və əldə etdikləri nəticələr barədə məlumat verib, şura üzvlərinin suallarını cavablandırıblar.

İxtisaslaşdırılmış Elmi Şura üzvləri təqdim olunmuş tədqiqat işlərinin müasir elmin standartlarına cavab verdiyini bildiriblər və onları yüksək qiymətləndiriblər.

İclasda iştirak edən Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev magistr dissertasiya işləri üçün seçilmiş mövzuların aktual olduğunu söyləyib və gənc alimlərin tədqiqatlara peşəkar mütəxəssis kimi yanaşdıqlarını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.