www.science.az
08.06.2017 09:05

Mərkəzi Elmi Kitabxanada mühafizə olunan markalar kolleksiyasının təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) mühafizə olunan markalar kolleksiyasının təqdimatı keçirilib.

Tədbirdə MEK direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək rəhbərlik etdiyi qurumda saxlanılan markalarda Azərbaycanın tarixi və önəmli məqamlarının əks olunduğunu bildirib. L.İmanova poçt markalarının rəqəmsallaşdırılaraq Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini deyib. O, Azərbaycan Filatelistlər İttifaqının kolleksiyasını rəqəmsal versiyada MEK-ə təqdim etməyi təklif edib.

Sonra MEK-in Nadir kitab fondunun əməkdaşı Leyla Ələkbərli geniş təqdimatla çıxış edib. O, kolleksiyanın tematikasının müxtəlif çalarlı 648 ədəd markadan ibarət olduğunu və Nadir kitab fondunda mühafizə edildiyini bildirib. L.Ələkbərli Azərbaycanda ilk markanın Azərbaycan Xalq Cumhuriyyətinin yaranması münasibətilə çap edildiyini deyib. Ümummili lider Heydər Əliyevə, Üzeyir Hacıbəyliyə, Rəşid Behbudova həsr olunmuş markaların fondda saxlanıldığını deyən L.Ələkbərli onların dünya miqyasında istifadə edilən filateliya kataloqlarına, jurnallara göndərildiyini, beynəlxalq sərgilərdə nümayiş olunduğunu, bir sıra diplom və medallarla təltif edildiyini vurğulayıb.

Tədbirdə MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Azərbaycan Filatelistlər İttifaqının üzvü Fuad Abdulrəhimzadə, kolleksiyaçı Cahangir Bağırov və digərləri çıxış edərək markaların toplanılmasının və elektron kataloqa salınmasının önəmindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.