Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İnteraktiv açıq dərs”də Naxçıvanın təbii ehtiyatlarından danışılıb
07.06.2017 16:18
  • A-
  • A
  • A+

“İnteraktiv açıq dərs”də Naxçıvanın təbii ehtiyatlarından danışılıb

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti “interaktiv açıq dərs” keçirilib.

“Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları” mövzusunda keçirilən dərsdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov Naxçıvan ərazisindəki metal və qeyri-metal faydalı qazıntı yataqları barədə şagirdlərə məlumat verib. Ə.Abbasov 1960-1990-cı illərdə muxtar respublika ərazisində 100-dən çox qeyri-filiz, tikinti materialları və bəzək daşları yataqlarının aşkarlandığını söyləyib: "Hazırda muxtar respublika üzrə faydalı qazıntı ehtiyatlarının dövlət və sahə balanslarında 51 tikinti materialları, 11 gil, 10 qum-çınqıl qarışığı, 9 üzlük daşı, 7 sement xammalı, 4 mişar və tikinti daşı, 3 gips, həmçinin 1 gəc, əhəng xammalı, tikinti qumu yataqları qeydə alınıb".

Muxtar respublika ərazisində aşkarlanan qeyri-metal faydalı qazıntı yataqlarının böyük əksəriyyətinin ehtiyatda olduğunu söyləyən alim həmin yataqların istismara cəlb edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafına ciddi təsir göstərə biləcəyini söyləyib. Ə.Abbasov qeyd edib ki, bu gün ölkəmizdə tikinti materialları sənayesinin etibarlı mineral-xammal bazası yaradılıb və fərdi mənzil tikintisinin genişlənməsi yerli materialların istifadəsinin həcmini artırıb. O, yaxın gələcəkdə Naxçıvanın dağ-mədən sənayesinə milli və xarici investisiyaları cəlb etməklə istehsal olunacaq məhsulların dünya bazarına çıxarılmasının geniş imkanlar yaradacağını söyləyib.

Qeyd edək ki, açıq dərs ümumilikdə muxtar respublikanın 195 məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: