www.science.az
07.06.2017 14:00

AMEA-da ilkin tibbi yardım mövzusunda seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) MM Qoşunlarının Mülki Müdafiə İdarəsinin təşkilatçılığı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəisləri və sanitar qrup üzvləri üçün seminar-məşğələ keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə şöbə rəisi Eldar Quliyev çıxış edərək son illərdə Mülki Müdafiə qərargah rəislərinin maarifləndirilməsi istiqamətində bir sıra addımların atıldığını və onlar üçün AMEA-nın mütəxəssislərinin iştirakı ilə seminarların keçirildiyini söyləyib. Azərbaycanın müharibə şəraitində yaşadığını və hər hansı fövqəladə vəziyyətlə üzləşə biləcəyini deyən E.Quliyev insanları ilkin tibbi yardımı öyrənməyə çağırıb.

Tədbirdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru, tibb elmləri doktoru Novruz Hacıyev "Özünə yardım və qarşılıqlı yardım qaydalarının əyani şəkildə öyrənilməsi" mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində ilkin tibbi yardımın zərərçəkmişin özü, ətrafındakı insanlar, eləcə də  müxtəlif kateqoriyalı tibb işçiləri tərəfindən göstərilə biləcəyini deyib. N.Hacıyev bədbəxt hadisələr, müxtəlif travmalar, qəfləti ağır xəstəliklər zamanı ilkin tibbi yardımın göstərilməsində əsas məqsədin insanların həyatını xilas etmək, meydana çıxa biləcək fəsadların qarşısını almaq və sonrakı müalicəsini təmin etmək olduğunu söyləyib. Qeyd edib ki, ilkin tibbi yardım göstərərkən xəsarət almış şəxs dərhal təhlükəli şəraitdən uzaqlaşdırılmalı, aldığı zədənin növünə və ağırlıq dərəcəsinə uyğun olaraq ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılmalıdır.

Sonra FHN-in MM Qoşunlarının Tibb Xidmətinin rəisi, polkovnik Elçin Əligülov "Qəfləti ölümlərdə reanimasyon tədbirləri" mövzusunda məruzə söyləyib. O, yuxu artilleriyalarında nəbzin olmamasının, işığa reaksiya verməməklə bəbəklərin genəlməsinin kliniki ölümün əlamətləri olduğunu və belə halda dərhal ürək-ağciyər reanimasiyasının tədbirlərinə başlamağın vacibliyini qeyd edib. Bildirib ki, ilkin yardım göstərilən zaman riski aradan qaldırmaq və ya minimuma endirmək, xəstənin yerini dəyişərkən isə ehtiyatlı olmaq lazımdır. E.Əligülov ilkin yardım göstərənin virus daşıyıcısı riski olması halında əlcək, maska kimi əşyalardan istifadə etməsini məsləhət görüb. Xəstəyə süni tənəffüs verilən zaman onun burnunu sıxmaq, çənəsini fiksə etmək və ağız-ağıza sıx təmasın önəminə toxunan xidmət rəisi belə vəziyyətdə süni tənəffüs borusunun daha çox yardıma səbəb olacağını bildirib. O, ürəyin qapalı masajı zamanı əllərin döş qəfəsində düzgün yerləşdirilməsinin, kompressiyanın tezliyinə və dərinliyinə fikir verilməsinin, xəstənin bərk səth üzərində uzandırılmasının önəmli amillər olduğunu diqqətə çatdırıb.

Sonra FHN-in MM Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəis müavini, polkovnik Qüdrət Ağayev çıxış edərək bir çox insanın ilkin tibbi yardımı öyrənmək məsələsinə biganə yanaşdığını söyləyib. Qeyd edib ki, mövzu ilə bağlı FHN-in saytında ətraflı məlumat yerləşdirilib və mütəmadi şəkildə bu istiqamətdə maarifləndirici təlimlər keçirilir. Q.Ağayev insanların həm özləri, həm də ətraflarındakı insanların təhlükəsizliyi baxımından ilkin tibbi yardımı öyrənməsinin vacibliyini vurğulayıb. Polkovnik ekstremal hallarda yardım göstərən şəxsin soyuqqanlı, təmkinli və inamlı tərzdə olmasının mühüm əhəmiyyət daşıdığını söyləyib.

Seminarda Rəhbər Heyətin may ayında keçirilən MM məşqləri haqqında qərargah rəislərinin çıxışları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.