www.science.az
07.06.2017 09:17

Gənc alimlər Azərbaycanın turizm potensialının elmi təşviqi məsələlərini müzakirə ediblər

İyunun 6-da Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurası ilə birgə “Azərbaycan turizm potensialının elmi təşviqi” mövzusunda “dəyirmi masa” keçirib.

İki müəssisə arasında imzalanmış anlaşma Memorandumu çərçivəsində baş tutan tədbirdə mədəniyyət və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Dəyirmi masa”da AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev turizmin iqtisadiyyatın güclü amili, təsirli sosial institutu, cəmiyyətdə ictimai rifahın və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsində elmi və mənəvi əhəmiyyətini diqqətə çatdırıblar.

Toplantıda turizm sahəsində milli keyfiyyət sistemin təşviqi və fəaliyyət planı müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb. İki müəssisə arasında yeni ideyaların və birgə layihələrin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib, turizmin təşviqi ilə bağlı görülən işlər, dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi elmi və mədəni siyasətin strateji amillərindən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.