www.science.az
07.06.2017 09:23

“Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib

5-6 iyun 2017-ci il tarixlərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq AMEA-da hazırlanmış “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Təhsil-Elm-Start up İnnovasiya modeli”nin əhəmiyyətini qeyd edib, onun Azərbaycanda elm və təhsilin inkişafına töhfə verəcəyini vurğulayıb.

Ə.Sadıqov AMEA-da son illər elm və təhsilin inteqrasiyası sahəsində həyata keçirilən islahatlar, elmi tədqiqatların istehsalata tətbiqi, magistratura təhsili, beynəlxalq elmi qurumlarla əməkdaşlıq perspektivləri barədə məlumat verib.

Sonra çıxış edən Təhsil nazirinin müşaviri Həsən Həsənli elm, təhsil və innovasiyaların inkişafı ilə bağlı Avropa İttifaqının təcrübəsinin əhəmiyyətini qeyd edib. O, bu təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqində Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində təhsil almış Azərbaycanlı tələbələrin boyük rolu olduğunu bildirib. H.Həsənli Təhsil Nazirliyi ilə AMEA arasında sıx əməkdaşlıq perspektivləri və bunun bariz nümunəsi kimi SABAH qruplarının AMEA-da təcrübə keçməsi ilə bağlı məlumat verib.

Seminarda Rumıniyanın Babeş-Boyyayi Universiteti və Texnologiya İnstitutunun əməkdaşı Kristina Dobrota, Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin professoru Diana Kopeva, İspanıyanın La Laguna Universitetinin baş direktoru Qvintero Leon, Sloveniyanın Lyublyana Texnologiya parkının əməkdaşı Domen Bole “Təhsil-Elm-Start up İnnovasiya modeli” sahəsində Avropa İttifaqı ölkələrinin əldə etdiyi son nailiyyətlər, universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın uğurlu nəticələri, dünyada texnologiyaların inkişafının yeni inkişaf istiqamətləri haqqında məruzələrlə çıxış ediblər.

Ekspertlər “Təhsil-Elm-Start up İnnovasiya modeli”nin inkişaf etdirilməsi üçün Avropa İttifaqının tövsiyələrini iştirakçıların diqqətinə çatdırıblar. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə ekspertlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.