Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.06.2017 17:25
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Bahar Bərdəlinin 60 illik yubileyi qeyd olunub

Ədəbiyyat İnstitutunda Bahar Bərdəlinin 60 illik yubileyi qeyd olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı, şairə və ədəbiyyatşünas Bahar Bərdəlinin 60 illik yubileyinə və onun 3 cildlik "Seçilmiş əsərləri"nə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəlinin elmi fəaliyyətindən danışaraq onun ədəbiyyata tam varlığı ilə bağlı insan olduğunu söyləyib. Alimin əsərlərinin çoxaspektli səciyyə daşıdığını deyən akademik İ.Həbibbəyli onun Cənubi Azərbaycanlı şairlərdən Balaş Azəroğlu, Söhrab Tahir, Mədinə Gülgün, Əli Tudə, həmçinin Qabil və Nurəngiz Günlə bağlı araşdırmalarının ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Şairənin 3 cildlik "Seçilmiş əsərləri" barədə danışan akademik bildirib ki, B.Bərdəli nadir arxiv materiallarından və xatirələrdən bəhrələnərək əhatəli araşdırmalar aparıb və ədəbiyyatşünaslıq elminə sanballı töhfələr verib. İ.Həbibbəyli nəşrin birinci cildində B.Bərdəlinin müxtəlif illərdə qələmə aldığı şeirlərinin, ikinci cildində Qarabağla bağlı nəsr əsərlərinin, üçüncü cildində isə elmi əsərlərinin toplandığını diqqətə çatdırıb. İ.Həbibbəyli şairənin "Qarabağa məktub", "Yurdum mənim", "İgidlər doğulur" kimi şeirlərində vətəni tərənnüm etdiyini, vətənpərvərlik duyğularını elmi axtarışlarında sistem halına salaraq, ciddi tədqiqata çevirdiyini söyləyib.

Tədbirdə filologiya elmləri doktorları - Asif Rüstəmlinin "Bahar Bərdəli tədqiqatçı kimi", Vüqar Əhmədin "Bahar Bərdəlinin poetik dünyası" və filologiya üzrə fəlsəfə doktoru Mənzər Eynullayevanın "Bahar Bərdəlinin nəsri" adlı məruzələri dinlənilib.

Sonra Bahar Bərdəliyə Ədəbiyyat İnstitutunun Fəxri fərmanı təqdim olunub.

Sonda şairə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: