www.science.az
05.06.2017 15:58

Hüseyn Cavidin həbs olunmasının 80-ci ildönümü münasibətilə tədbir keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində görkəmli dramuturqun həbs olunmasının 80-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxış edərək ədibin həbs olunduğu gecə ilə bağlı iştirakçılara geniş məlumat verib. Bildirib ki, həmin gecə böyük dramaturq ailəsindən, evindən, vətənindən həmişəlik sürgün edilib. G.Babaxanlı Hüseyn Cavidin əlyazmalarının əksəriyyətinin məhv edildiyini, həyat yoldaşının və övladlarının yaşadıqları evdən çıxarılaraq kiçik və şəraitsiz bir mənzilə yerləşdirildiyini, təqiblərə məruz qaldığını diqqətə çatdırıb.

Sonra muzeyin əməkdaşı Cəmilə Rzayeva çıxış edərək Hüseyn Cavidin “xalq düşməni” elan edildiyini, şairin əsərlərinin kitabxanalardan yığışdırıldığını, özünün isə “pantürkist” və “panislamist” adı ilə damğalandığını deyib.

Anım tədbirində, həmçinin şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgi də nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.