www.science.az
27.02.2014 00:00

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı faciəsinin anım tədbiri keçirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova 22 il öncə fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri və Qarabağda yerləşən 366-cı motoatıcı alayın birlikdə Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan etdiyini və əhaliyə amansız divan tutulduğunu söyləyib: “Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 1275 Xocalı sakini əsir, 150 nəfər isə itkin düşdü.”

Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl işlərin məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olduğunu bildirən M.Rəhimova Xocalı soyqrımını dünyaya tanıtmaq və ona hüquqi qiymət vermək üçün 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildiyini vurğulayıb. Dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyəti çatdırılaraq, beynəlxalq ictimaiyyətin diqqəti erməni vəhşiliyinə qarşı yönəldilib. Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası beynəlxalq ictimaiyyətin diqqətini bu soyqırıma yönəltmək və ona siyasi-hüquqi qiymət verilməsinə nail olmaq baxımından diqqətəlayiqdir.

Tədbirdə institutun Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, AMEA-nın müxbir üzvü İlyas Babayev, t.ü.e.d. Əsədulla Cəfərov, t.ü.f.d Pərvin Ahənçi və institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Bəxtiyar Cəlilov çıxış edərək Xocalı soyqırımı faciəsi haqqında öz fikirlərini bölüşüblər. Bu faciənin xalqımızın qan yaddaşından silinməyəcəyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.