www.science.az
02.06.2017 10:32

Azərbaycanlı arxeoloqlar italiyalı həmkarları ilə müştərək elmi tədqiqatlar aparacaqlar

İyunun 1-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin rəhbəri, professor Nikola Laneri və Qədim Aralıq dənizi hövzəsi və Yaxın Şərq tədqiqatları Mərkəzinin əməkdaşı, Dr. Stefano Valentini ilə görüş keçirilib.

Qonaqları salamlayan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova bildirib ki, Prezident İlham Əliyevin qədim abidələrimizin, maddi və mənəvi mədəniyyətimizin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan arxeologiya və etnoqrafiya elmləri yüksək inkişaf pilləsinə çatmışdır. O, beynəlxalq tərkibli arxeoloji ekspedisiyalar, Avropa, Amerika və Asiyanın qabaqcıl elm mərkəzləri ilə birgə aparılan arxeoloji qazıntılar barədə ətraflı məlumat verib.

İtaliyalı alimlər tunc dövrü abidələrinin bəşər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər, Azərbaycan arxeoloqlarının tədqiqatları və elmə verdikləri töhfələrdən məlumatlı olduqlarını söyləyiblər.

Uzun müddət İtaliya və Türkiyədə tədqiqatlar aparmış professor N.Laneri və İraq ərazisində arxeoloji ekspedisiyalarda iştirak etmiş Dr. S.Valentini Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun müşayəti ilə tunc dövrü üzrə dəfn abidələri ilə tanış olmaq məqsədilə Azərbaycanın bir sıra qərb rayonlarında aparılan tədqiqatlarda iştirak etmək niyyətində olduqlarını bildiriblər.

Sonda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutu arasında birgə əməkdaşlıq üzrə memorandumun hazırlanması barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.