Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2017 14:12
  • A-
  • A
  • A+

AMEA-da yazıçı Afaq Məsudun 60 illik yubileyi qeyd olunub

AMEA-da yazıçı Afaq Məsudun 60 illik yubileyi qeyd olunub

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun 60 illik yubileyinə həsr olunan tədbir və akademik Nizami Cəfərovun "Afaq Məsud dünyası" monoqrafiyasının təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Afaq Məsudun "yetmişincilər" ədəbi nəslinin istedadlı nümayəndələrindən biri olduğunu və onun yeni ideyaları və mövzuları ilə müasir dövr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynadığını bildirib. Qeyd edib ki, Afaq Məsud "Üçüncü mərtəbədə", "Həsən əmi", "Bekar", "Telefonda işıq", "Şənbə gecəsi", "Yataqxana" və bir çox hekayələrində dövrün ictimai və ailə-məişət problemlərini özünəməxsus şəkildə qələmə alıb. Akademik Azərbaycanda bədii tərcümə işinin inkişafında və xalqımızın dünya ədəbiyyatının klassiklərini ana dilində tanımasında A.Məsudun müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

"Afaq Məsud dünyası" monoqrafiyası barədə də danışan İ.Həbibbəyli bildirib ki, yazıçının müasir bədii düşüncədə fərdiliyi, bu özəlliyin meydana gətirdiyi bədii məziyyətlər əsərdə ustalıqla araşdırılıb.

Tədbirdə akademik Nizami Cəfərov çıxış edərək monoqrafiyanın "Afaq Məsudun hekayə dünyası", "Afaq Məsudun roman dünyası" və "Afaq Məsudun dramaturgiya dünyası" kimi üç hissədən ibarət olduğunu bildirib. Qeyd edib ki, A.Məsud kifayət qədər görkəmli, hər cür müzakirəyə açıq, təbii bir ziyalı-intellektual xarakterə malik insandır.

Tədbirdə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Afaq Məsudun milli modernizm ədəbiyyatının gəlişməsində rolu", filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının "Afaq Məsud yaradıcılığının tənqidi dərkində Nizami Cəfərovun monoqrafiyasının yeri", filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın "Afaq Məsud hekayəsi və ədəbi tənqid" mövzusunda məruzələri dinlənilib.

Mərasimdə Afaq Məsuda Ədəbiyyat İnstitutunun yeni nəşrləri hədiyyə olunub.

Sonda A.Məsud tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: