Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xocalı soyqırımı və “Xocalıya ədalət” kampaniyasının 5 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
27.02.2014 00:00
  • A-
  • A
  • A+

Xocalı soyqırımı və “Xocalıya ədalət” kampaniyasının 5 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda“Xocalıya ədalət” kampaniyasının 5 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

İnstitut əməkdaşları, Gənc alim və mütəxəssislər şurasının üzvlərinin iştirak etdiyi dəyirmi masanı giriş nitqi ilə açan bu elmi müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri qanlı faciə barədə məlumat verib. 22 il keçməsinə baxmayaraq, soyqırımla bağlı faktların hüquqi, sosioloji və humanitar aspektdən tam araşdırılmadığını söyləyən İ.Məmmədzadə analitik, publisistik, elmi yazılara yer ayırmağın vacibliyini önə çəkib. O, faciənin beynəlxalq aləmdə tanıdılması üçün xarici dillərdə kitab və məqalələrin çapının artırılmasının zəruriliyini vurğulayıb.

Dəyirmi masada “Xocalı faciəsi, real faktlar və həqiqətlər” mövzusunda məruzə ilə çıxış edən institutun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur ƏliyevXocalı sakinlərinə qarşı edilən amansız işgəncələrin şahidi olduğunu, yaşlı insanlara - körpə, qadın, kişi, qocalara min cür əzab-əziyyətlər verildiyini bildirib.

“Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” şöbəsinin baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramiz Sevdimalıyev “Xocalı soyqırımının beynəlxalq-hüquqi tanınması haqqında zərurəti” mövzusunda çıxışında cinayətkarların cəzalandırılması üçün onlara hüquqi qiymətin verilmədiyini vurğulayıb. O, Xocalıda yalnız soyqırım törədildiyini deyil, bunun ümumilikdə insanlığa qarşı cinayət olduğunu dilə gətirib.

“Xocalı genosidi: hüquqi baxış” mövzusunda məruzə ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, professor Bəhram Zahidov Xocalı faciəsinə Dağlıq Qarabağın tərkib hissəsi kimi yanaşıldığını, gələcəkdə institutda Xocalı ilə bağlı yeni tarixi faktların yer aldığı, hüquqi, politoloji və sosioloji aspektdən qələmə alınan kitabın çap olunacağını nəzərə çatdırıb.

İnstitutun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəfiqə Əzimova, “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə, “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov,“Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsinin müdiri, hüquq elmləri doktoru Habil Qurbanov ermənilərin Xocalıda törətdiyi vəhşilik və tarixi faktlar barədə məlumat veriblər.

Sonda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: