www.science.az
01.06.2017 14:16

Şərqşünaslıq İnstitutunda misirli alim və jurnalistlə görüş olub

Qahirə Universitetinin professoru, müqayisəli ədəbiyyat üzrə tanınmış mütəxəssis Əhməd Dərviş və Misirin tanınmış jurnalisti Əhməd ət-Tarabik AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Onları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi müşayiət edib.

Misirli alimlər Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. İnstitutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov qonaqlara institut haqqında ətraflı məlumat verib.

Görüşdə Əhməd Dərviş özünün Azərbaycan ədəbiyyatı və elmi ilə bağlı apardığı tədqiqatlardan danışıb, ərəb ölkələrində böyük nüfuz qazanmış orta əsrlər azərbaycanlı ədib və alimlərindən söz açıb.

Misirdə Azərbaycanla bağlı saysız-hesabsız məqalələrin müəllifi Əhməd ət-Tarabik vətənində ölkəmizlə bağlı informasiya azlığının aradan qaldırılmasından bəhs edib. O, 3 il öncə ərəbcə, bu il isə Azərbaycan dilinə tərcümədə nəşr etdirdiyi “Qarabağ – Qafqazda sülh yolu” kitabı haqqında məlumat verib, həmin nəşrləri şərqşünas alimlərə hədiyyə edib.

Sonda misirli qonaqlar şərqşünas alimləri maraqlandıran sualları cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.