Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan ərazisinin seysmogen zonalarında tektonik hərəkətlərin tipləri müəyyən edilib
01.06.2017 09:05
  • A-
  • A
  • A+

Azərbaycan ərazisinin seysmogen zonalarında tektonik hərəkətlərin tipləri müəyyən edilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Zəlzələlərin ocaq mexanizmlərinə əsasən Azərbaycanın seysmogen sahələrində tektonik hərəkətlərin tipləri” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Seminarda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov çıxış edərək mövzunun əhəmiyyətindən, bu istiqamətdə müasir tədqiqatların aparılmasının zəruriliyindən danışıb. Bildirib ki, respublikanın ərazilərindəki tektonik proseslərin tədqiqi strateji əhəmiyyət daşıyır, xüsusilə neft və qaz istehsalı prosesindəki texniki risklərin azaldılması baxımından olduqca vacibdir. 

Sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və bu qurumun Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova tərəfindən hazırlanmış məruzə dinlənilib. S.Kazımova çıxış edərək bildirib ki, zəlzələlərin ocaq mexanizmləri əsasında Azərbaycan ərazisinin seysmogen zonalarında tektonik hərəkətlərin tipləri müəyyən edilib, yer qabığının gərginlik və deformasiya sahələrini öyrənmək üçün zəlzələ ocaqlarının mexanizmlərinin və dinamik parametrlərinin qiymətləndirilməsi, onların formalaşma şəraiti və yer qabığının gərginlik sahələrinin analizi aparılıb.

Alim Azərbaycanın seysmotelemetrik stansiyalarının və ocaq mexanizmlərinin məlumatları, eləcə də əsas gərginlik oxlarının oriyentasiyalarının və gərginlik vəziyyətinin səviyyəsini müəyyən edən Lode-Nadai əmsalı əsasında respublika ərazisinin fərdi seysmogen zonalarının gərginlik-deformasiya vəziyyətinin müəyyən edildiyini diqqətə çatdırıb: “Zəlzələ ocaq mexanizmlərinin məlumatları, sıxılma və gərilmə oxları əsasında məlum olub ki, Böyük Qafqaz zonasında sıxılma oxları əsasın CQ-ŞmŞ, Zaqatala-Balakən və Orta Kür çökəkliyi zonasında ŞmQ-CŞ, Aşağı Kür çökəkliyində və Talış bölgəsində ŞmŞ-CQ istiqamətində, Xəzər akvatoriyasında isə ŞmŞ-CQ istiqamətindən ŞmQ-CŞ istiqamətinə qədər yönəlib. Gərilmə oxları isə əks istiqamətlidir. Orta və Aşağı Kür çökəkliklərində və həmsərhəd Xəzər zonasında gərilmə, Şəki, Siyəzən, Şamaxı-İsmayıllı, Şirvan, İmişli və Cəlilabad zonalarında isə sıxılma müşahidə olunur”.

Tədqiqatlar nəticəsində Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsində üç növ lokal gərginlik sahələrinin - qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə, soltərəfli horizontal yerdəyişmənin aşkar olunduğu bildirilib. Qeyd olunub ki, Orta Kür çökəkliyi üçün – qırılıb-qalxma, qırılıb-düşmə, Cənubi Xəzər hövzəsində – qırılıb-düşmə, horizontal yerdəyişmə, Talış zonasında isə – qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə gərginlik sahəsi müşahidə edilir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: