www.science.az
31.05.2017 13:10

AMEA Yüksək Texnologiyalar Parkı 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir

Mayın 31-dən Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan XXIV Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil&Gas 2017) sərgi və konfransı keçirilir.

Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 289 şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr var.

Xəzəryanı regionun neft-qaz sənayesi üçün geniş beynəlxalq platforma hesab olunan sərginin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı tədbirin əhəmiyyətini  bir daha təsdiq edir.

31 may tarixində açılışı olan sərgidə AMEA-nın Yüksək Texnologiyalar Parkı da geniş təmsil olunur. Stenddə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə görülən işlər nümayiş etdirilir. Ziyarətçilərə gələcəkdə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqinə dair  həyata keçiriləcək layihələr təqdim edilir.

Bu gün AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Yüksək Texnologiyalar Parkının rəhbərliyi və kollektivi sərginin açılışında iştirak edib.

İyunun 3-dək davam edəcək sərgidə Yüksək Texnologiyalar Parkının rezidenti olan AMEA Təcrüb-Sənaye Zavodu, AMEA Elm və Texnologiyalar Parkı və “Millers Oils Azerbaijan”nın fəaliyyəti və istehsal etdiyi məhsullar barədə məlumat verilir. Bundan əlavə, YTP-nin rezidentlər üçün təqdim etdiyi xidmətlər nümayiş olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.