www.science.az
31.05.2017 10:42

İslamiada günlərində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə çoxsaylı turist axını olub

Bu yaxınlarda Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. Bu möhtəşəm yarış çərçivəsində ölkəmizə minlərlə turist axını oldu. İslam oyunlarını 59 ölkədən 360 min tamaşaçı izlədi.

İslamiada günlərində turistlər Bakı şəhərinin tarixi mədəniyyət və memarlıq abidələri, muzeyləri və digər görməli yerləri ilə tanış oldular.

Xarici qonaqların böyük maraq göstərdiyi məkanlardan biri də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi oldu. Onlara muzeyin ekspozisiyasında qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumatlar təqdim olundu. Klassiklərin əsərlərinə çəkilən miniatürlər, Azərbaycan yazıçılarının əsərləri və sənədli fotoşəkillər, müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, qədim xalçalar, saxsı və bürünc qablar və digər maddi mədəniyyət abidələri haqqında ətraflı məlumat verildi. Ziyarətçilər monitorlar vasitəsilə qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlərlə, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri və tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.