AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası” adlı monoqrafiya çapa hazırlanır. Nəşrin müəllifləri institutun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev və geologiya-mineralogiya elmləri doktoru Aydın Məmmədovdur.
Topluda Naxçıvan ərazisində yayılmış Paleozoy, Mezozoy və Kaynozoyun bütün sistem və mərtəbələri beynəlxalq stratiqrafik cədvələ uyğun olaraq təsvir edilir, həmçinin müxtəlif illərin elmi-tematik və geoloji-planaalma işləri nəticəsində ayrılmış yerli stratiqrafik vahidlərin təsviri və faunistik səciyyələndirilməsi aparılır. Bunlardan əlavə, kitabda müxtəlif yaşlı litoloji-stratiqrafik komplekslərin dayaq kəsilişləri verilib, müxtəlif tədqiqatçılar tərəfindən toplanmış və yaşı təyin edilmiş zəngin fauna nümunələri müvafiq paleontoloji cədvəllərdə öz əksini tapıb.
Naxçıvanın stratiqrafiyasını ilk dəfə olaraq Azərbaycan dilində işıqlandıran bu əsər elmi-tədqiqat müəssisələrində və istehsalatda çalışan aidiyyatı mütəxəssislər üçün lazımi məlumat bazasıdır, regionda aparılacaq gələcək tədqiqatlarda geniş istifadə oluna bilər. Kitabdan ali məktəblərin geologiya ilə əlaqəli fakültələrinin bakalavr və magistrantları dərslik kimi faydalana bilərlər.
Nəşrin sonunda ingilis dilində verilmiş geniş icmal beynəlxalq geoloji ictimaiyyətin Naxçıvan ərazisinin yerli stratiqrafik bölgüsü ilə yaxından tanış olmasına və ətraf regionların stratiqrafik bölgüsü ilə uyğunlaşdırılmasına imkan yaradır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.