www.science.az
27.02.2014 00:00

1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

Bu gün AMEA Geologiya İnstitutunda 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə çıxış edən institutun MM qərargah rəisi Oqtay Fərzəliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-nin bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edildiyini bildirdi. Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildən daxil olduğunu söyləyən O.Fərzəliyev əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülki müdafiə orqanlarının qarşısında duran əsas vəzifə olduğunu qeyd etdi.

Bildirdi ki, 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günü hər il konkret bir mövzuya həsr olunur və buna dair müxtəlif tədbirlər təşkil edilir: “Bu ilin mövzusu “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” qəbul edilib”.

MM-in əsas məqsədinin fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi olduğunu söyləyən O.Fərzəliyev son illər ölkəmizdə bu sahəyə xüsusi diqqətin yetirildiyini nəzərə çatdırdı. Qeyd etdi ki, Geologiya İnstitutunda da bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. İşçilərin müdafiəsi və mühafizəsi MM rəhbərinin ən başlıca vəzifəsidir.

Tədbirdə mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması, nəticələrinin aradan qaldırılması ilə bağlı təlimatlar verildi, rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.