www.science.az
26.05.2017 17:22

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadəni 70 illik yubileyi münasibətilə təbrik edirik!

Mayın 28-də müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq nümayəndələrindən biri, görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əliağa qızı Əlizadənin 70 yaşı tamam olur.

Firəngiz Əlizadə 1947-ci il mayın 28-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) almışdır. Daha sonra musiqi təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq və fortepiano ixtisasları üzrə davam etdirmişdir. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu bitirmişdir. 1972-1974-cü illər ərzində Qara Qarayevin assisenti çalışan F.Əlizadə 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında müstəqil pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır.

F.Əlizadənin yaradıcılığı geniş və çoxşaxəlidir. Pianoçu, bəstəkar, pedaqoq, musiqi təbliğatçısı, ictimai xadim kimi müstəsna xidmətlərə malikdir. O, musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. Bəstəkarın əsərləri dünyanın müxtəlif ölkələrində, ən möhtəşəm konsert salonlarında və teatr səhnələrində səslənərək minlərlə dinləyicinin və tamaşaçının rəğbətini qazanmış, dünya şöhrətli ifaçılardan İvan Monigettinin, David Qerinqasın, Yo Yo Manın, Evelin Qlenninin, Elzabet Mozerin, Alim Qasımovun və məşhur ansambllardan - Krons Quartet (ABŞ), Die 12 Cellisten der Berliner Philormoniker (Almaniya) və digərlərinin repertuarında öz yerini tutmuşdur.

Bəstəkarın  böyük  mənəvi  və  əxlaqi  keyfiyyətləri  özündə  təcəssüm etdirən "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan", "Boş  beşik" və "Stadt-Graniza"  baletləri,  "Habilsayağı", "Oazis", "Dərviş", "Abşeron" -müxtəlif  ifaçılıq  tərkibi  üçün  instrumental  kompozisiyaları, "Silk road" Konserti, violonçel  və  orkestr  üçün  Konsert "Mərsiyə", böyük simfonik orkestr  üçün "İthaf"  və s. bu kimi  əsərləri  mötəbər  konsert səhnələrində bu gün də  böyük  triumfla  səslənir və dünyanın nüfuzlu musiqi ifaçılarının repertuarını bəzəyir. F.Əlizadənin   minlərlə insanın qəlbini fəth edən və məhz milli mənbələrdən, xalq musiqisinin dərin qatlarından qidalanan müxtəlif janrlarda yazdığı əsərləri artıq dünya musiqi xəzinəsinin sərvətinə çevrilmişdir.

O, 1974-cü ildə SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilmiş, 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi kimi fəaliyyətini davam etdirmişdir. 2007-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.

1994-cü ildə sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

F.Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. O, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən I və II "Muğam Aləmi" Beynəlxalq Musiqi Festivallarının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəkidə və Bakıda keçirilən I və II "İpək yolu" Beynəlxalq Musiqi Fetivallarının bədii rəhbəri kimi, "Üzeyir dünyası" layihəsinin baş redaktoru və koordinatoru kimi səmərəli fəaliyyət göstərir.

Bəstəkarın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, 1990-cı ildə "Əməkdar incəsənət xadimi", 2000-ci ildə "Xalq artisti" fəxri adlarına, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə “Şərəf” ordenlərinə və bir sıra mükafatlara layiq görülmüşdür.

F.Əlizadə YUNESKO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş yeganə azərbaycanlıdır.

Görkəmli Azərbaycan bəstəkarını 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılıq fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.