www.science.az
27.02.2014 00:00

AMEA-nın müxbir üzvü Şamil Fətullayev-Fiqarovun 85 illiyinə həsr olunmuş elmi sessiya keçirildi

AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Dövlət mukafatı laureatı, Əməkdar memar, Şərq ölkələri Memarlıq Akademiyasının prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü (Rusiya), Türk İncəsənəti üzrə Beynəlxalq Konqresin həqiqi üzvü, AMEA-nın müxbir üzvü, professor Şamil Fətullayev-Fiqarovun anadan olmasının 85 illiyinə həsr olunmuş elmi sessiya keçirildi.

Tədbirdə Azərbaycanın elmi və mədəni ictimaiyyətinin nümayəndələri, görkəmli alim və ziyalılar, incəsənət xadimləri, KİV nümayəndələri iştirak edirdilər.

Elmi sessiyanı giriş sözü ilə açan institutun direktoru, sənətşünaslıq elmləri doktoru, professor Ərtegin Salamzadə görkəmli alimin şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından geniş söhbət açdı, yubilyarı 85 illiyi münasibətilə təbrik etdi.

Tədbirdə çıxış edən AMEA-nın vitse prezidenti, akdemik İsa Həbibbəyli məhsuldar yaradıcılıq yolu keçmiş, 150 artıq elmi əsərlərin müəllifi olan alimin AMEA-nın fəaliyyətində yaxından iştirak etdiyini, onun rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktorunun hazırlandığını bildirdi. Natiq Ş.Fətullayev-Fiqarovun “XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı”, “XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı”, “Azərbaycan məscidləri”, “İran şəhərləri Qacarlar dövründə”, “Bakının Memarlıq ensiklopediyası”, “Abşeron memarlığı”, “Memar-Məşədi Mirzə Qafar İzmaylov” kimi monoqrafiyalarının Azərbaycan elminin dünyaya səs salmış fundamental örnəkləri olduğunu xüsusi qeyd etdi.

“Şamil Seyfulla oğlu Fətullayev-Fiqarovun ömür yolları” mövzusunda məruzə ilə çıxış edən memarlıq üzrə fəlsəfə doktoru Sevinc Tanqudur bildirdi ki, Ş.Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olub, 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirib. 1956-cı ildə AMEA-nın “Memarlıq və İncəsənət İnstitutu”nun aspirantı olan alim 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb.

Qeyd etdi ki, görkəmli alim elmi fəaliyyəti dövründə bir sıra mükafatlarla layiq görülüb. 1986-cı ildə Azərbaycan SSRİ-nin Şərəf nişanı ordeni ilə, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Şöhrət ordeni ilə təltif olunub. Həmçinin, 2008-ci ildə Polşanın qızıl medalına layiq görülüb.

“Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov yaradıcılığında XIX-XX əsr memarlığı” mövzusunda məruzə ilə çıxış edən professor Ramiz Əbdülrəhimov qeyd etdi ki, Azərbaycan memarlıq tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi Ş. Fətullayev-Fiqarovun adı ilə bağlıdır: “Azərbaycan memarlığı və şəhərsalması tarixi üzrə böyük elmi bazaya malik olan Ş.Fətullayev yaradıcılığı elmi məktəbdir. Məhz bu məktəbin elmi bazasında ilk dəfə tanınan Zivərbəy Əhmədbəyov, Qasımbəy Hacıbababəyov və s. memarların həyat və yaradıcılığı gənc alimlərimizin tətqiqat obyektinə çevrilmişdir”.

Daha sonra memarlıq doktoru Rayihə Əmənzadənin “İranın şəhərsalma və memarlığı professor Şamil Fətullayev-Fiqarovun yaradıcılığının tərkib hissəsi kimi” məruzəsi dinlənildi.

Tədbirdə çıxış edənlər yubilyarı 85 illik yubileyi münasibətilə təbrik etdilər, onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirdilər, alimlə bağlı xoş xatirələrini bölüşdülər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.