www.science.az
26.05.2017 14:14

Akademik Vaqif Abbasov “İmzalı görüş” layihəsinin qonağı olub

“İmzalı görüş” layihəsi çərçivəsində Binəqədi rayon R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovla görüş keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri - Şirindil Əhmədov, Xədicə Quliyeva, YAP Binəqədi Rayon Təşkilatının rəsmisi Rahil Şükürov və digər şəxslər iştirak ediblər.

Görüşdə kimya elminə əvəzsiz töhfələr vermiş görkəmli alim Vaqif Abbasovun həyat və elmi fəaliyyəti, bədii yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Məktəblilər alimə həsr olunmuş xüsusi proqram təqdim ediblər. 

Sonra Vaqif Abbasov şagirdlərlə söhbət edib, onlarla fikirlərini bölüşüb.

Sonda Neft-Kimya Prosesləri İnstitutu ilə 3 nömrəli tam orta məktəb arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.