Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub
26.05.2017 11:10
  • A-
  • A
  • A+

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub

AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusuna həsr olunub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənəd və materiallarının xalqımıza çatdırılması sahəsində ulu öndər Heydər Əliyevin atdığı addımlardan söz açıb. İ.Hacıyev milli-tarixi yaddaşımızın bərpa edilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” 30 yanvar 1998-ci il və “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” 1 fevral 2003-cü il tarixli Sərəncamlarını xatırladıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verib, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dönə-dönə qeyd edib.

Məşğələdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamının önəminə də toxunulub.

Lektoriyada bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin mövzu ilə bağlı çıxışı dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: