www.science.az
26.05.2017 11:54

Filologiya problemləri üzrə Elmi Şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının 5-ci iclası keçirilib.

İclasda 6-sı elmlər doktorluğu, 35-i isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 41 dissertasiya mövzusu müzakirə olunub.

Tədbirdə elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş muzeyin qiyabi doktorantı Şəhla Abdullayevanın “Mərkəzi Asiya ədəbiyyatlarının yaxınlaşması və zənginləşməsində “Yusif və Züleyxa” süjetinin rolu”, Azərbaycan Dillər Universitetinin Ümumi Dilçilik kafedrasının doktorantı Samirə Adışovanın “Canlı danışığın eksperimental tədqiqi (Azərbaycan və alman dillərinin materialı əsasında)”, Azərbaycan Dillər Universitetinin İngilis dilinin üslubiyyatı kafedrasının dissertantı Səyanə Bağırovanın “Bilinqvizim və onun koqnitiv əsasları”, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qiyabi doktorantı Könül Nəhmətovanın “Seyid Hüseynin ədəbi irsinin janr müxtəlifliyi və poetikası” mövzularının elmi əhəmiyyəti, təqdim edilmiş plan-prospektlərin dolğunluğu, iddiaçıların hazırlıq səviyyəsi nəzərə alınaraq təsdiq edilib.

Tədbirdə “Şərq və Qərb ədəbiyyatında demonizm problemi”, "Addüzəltmə və onun terminoloji qatın zənginləşməsində rolu”, “Beovulf və Kitabi-Dədə Qorqud dastanlarında qəhrəmanlıq kodları”, “Azərbaycan mühacirət poeziyasının təşəkkül və inkişaf problemləri”, “Azərbaycan folklorunda çevrilmə motivi”, “Ədəbiyyatda multikulturalizmin bədii inikası”, “Azərbaycan və ingilis dillərində tibb terminlərinin leksik-semantik təhlili”, “Beynəlxalq jurnalistikada media menecmenti təcrübəsinin Azərbaycan mühitində tətbiqi məsələləri” kimi dissertasiya mövzuları ətrafında müzakirələr geniş elmi diskussiyaya çevrilib. 

Beləliklə, iclasda 9-nun adında dəyişiklik edilməklə, 26 dissertasiya mövzusu təsdiq edilib.

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları, professorlar Atamoğlan Həsənov, Aida Qasımova, Azadə Musayeva, Bədirxan Əhmədov, Bilal İsmayılov, Cəlil Nağıyev, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Nadir Məmmədli, Şəfəq Əlibəyli, Seyfəddin Rzasoy, Şirindil Alışanov çıxış edərək, fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.