www.science.az
25.05.2017 16:21

“Gənclər üçün Akademik Əli Quliyev mükafat”ı və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən 28 may - Respublika Gününə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Gənclər üçün Akademik Əli Quliyev mükafat”ı və “Ən yaxşı elmi məruzə” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev AMEA-da Azərbaycan elminin gəncləşməsi istiqamətində görülən işlərdən danışaraq gənc alim və mütəxəssislərin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Onların ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakının vacibliyini önə çəkib.

Akademik V.Fərzəliyev rəhbərlik etdiyi qurumun gənc alim və mütəxəssislərini yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək məqsədilə institutda müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, doktorant və disertantların elmi-tədqiqat aparmaq vərdişlərini artırmaq, onları əsl mütəxəssis kimi yetişdirmək məqsədilə “Ən yaxşı elmi məqalə”, “Ən yaxşı elmi məruzə” kimi müsabiqələr təşkil olunur. Alim bu kimi tədbirlərdən birinin də elmi-ictimai fəaliyyəti ilə seçilən gənclərin mükafatlandırılması olduğunu qeyd edib. Onun sözlərinə görə, artıq 4-cü ildir ki, həyata keçirilən bu layihə çərçivəsində ildə bir nəfərə “Akademik Əli Quliyev adına mükafat” təqdim olunur.

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik etdiyi qurumun bu kimi tədbirlərdə fəal iştirakı və rolundan danışıb. O, şuranın 2017-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planında gənclərin həvəsləndirilməsi tədbirlərlərinə böyük önəm verildiyini vurğulayıb. Onun sözlərinə görə, cari ildə bütün Akademiya üzrə müxtəlif səpkili elmi müsabiqələrin keçirilməsi, eyni zamanda nüfuzlu beynəlxalq jurnallarda məqalələri dərc olunan gənc tədqiqatçıların mükafatlandırılması nəzərdə tutulur.

F.Salmanov, həmçinin AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında keçirilmiş “Magistr-2017” müsabiqəsi haqqında məlumat verib. Bildirib ki, AMEA prezidentinin 16 may 2017-ci il tarixli sərəncamına əsasən “Magistr-2017” müsabiqəsinin nəticələrinə görə 8 nəfər magistrant müvafiq yerlər üzrə mükafatlandırılıb. Müsabiqədə tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələrini, konfrans  və ictimai tədbirlərdə iştirakları nəzərə alıb.

Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev çıxış edərək gənclərin fəaliyyətinə verilən böyük dəstəyə görə institut rəhbərliyinə təşəkkürünü bildirib. O, AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən institutda çalışan gənc alim, doktorant, disertant və magistrlər arasında keçirilən “Ən yaxşı elmi məruzə” müsabiqəsi haqqında da ətraflı məlumat verib. Həm gənclər üçün “Akademik Əli Quliyev adına mükafat”, həm də “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin obyektiv və şəffaf şəkildə müəyyənləşdirildiyini söyləyib.

Müsabiqə Komisiyasının üzvü, k.ü.f.d. Şahmərdan Əliyev qaliblərin seçilməsi meyarları və qiymətləndirilmə barədə məlumat verib. Bildirib ki, hər iki müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin yekdil qərarı ilə “Ən yaxşı elmi məruzə” müsabiqəsi üzrə Könül Qəhrəmanova I yer, Mənsurə Hüseynova II yer, Günel Məhərrəmova III yerə layiq görülüblər. İnstitutun doktorantı Xədicə Məmmədyarova isə “Akademik Əli Quliyev adına mükafat”a layiq görülüb.

Sonra qaliblərə diplomlar təqdim olunub.

Sonda Aşqarlar Kimyası İnstitutunun gənc alim və mütəxəssislərinin elmi-ictimai fəaliyyətinə mütəmadi verdiyi informasiya dəstəyinə görə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin bir qrup əməkdaşı “Təşəkkürnamə” ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.