Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gənc alim və mütəxəssislərin IV birgə qrant müsabiqəsi elan olunub
25.05.2017 12:19
  • A-
  • A
  • A+

Gənc alim və mütəxəssislərin IV birgə qrant müsabiqəsi elan olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı FonduAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) elan olunub.

Müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat layihələri dəstəkləmək, gənc alimlər tərəfindən yaradılmış müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları və s.) çalışan gənc alim və mütəxəssislərin elmi  fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə keçirilir.

Qrant müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və iki qurum arasında bu ilin 22 may tarixində imzalanmış protokolun müddəaları çərçivəsində baş tutacaq.

Layihələr 2017-ci il mayın 30-dan iyunun 30-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin payızında açıqlanması planlaşdırılır.

Qrantlar yalnız ilk dəfə müraciət edən gənc alim və mütəxəssislərə veriləcək. Elmin İnkişafı Fondunun əvvəlki və cari qrant layihələrinin rəhbər və icraçıları bu müsabiqədə iştirak edə bilməzlər. Bu qrantlar Azərbaycan vətəndaşı olan və hazırda ölkədə elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olan gənc alim və mütəxəssislərdən təşkil olunmuş müvəqqəti elmi yaradıcı kollektivlər tərəfindən təqdim edilmiş layihələrə verilir. Layihələrin icra müddəti 1 ildir.

Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı və innovativ texnologiya olan “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni də nəzərdə tutur. “Asan-imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: