Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib
24.05.2017 13:17
  • A-
  • A
  • A+

AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin genişləndirilmiş iclasında AMEA-nın 28 aprel 2017-ci il tarixli Ümumi yığıncağının  qərarının  icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə tərtib edilən Tədbirlər Planı müzakirə olunub.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, həmin iclasda AMEA-nın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat geniş müzakirə olunub, hesabatın təsdiq edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. Qərarda AMEA-nın Rəyasət Heyətinə 2017-ci ildə Akademiyada icrası zəruri olan bir sıra məsələlərlə bağlı tapşırıqlar verilib. Həmin tapşırıqların icrasını təmin etmək məqsədilə Tədbirlər Planı hazırlanıb.

Geniş müzakirələrdən sonra AMEA-nın Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli qərarının icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planında Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin həyata keçirilməsində AMEA-nın yaxından iştirakının təmin olunması, AMEA-da prioritet istiqamətli elmi tədqiqatlara üstünlük verilməsi və digər mühüm məsələlər yer alıb. Bundan əlavə, biotexnologiya, gen mühəndisliyi və biofizika sahələrində elmi tədqiqat işlərinin genişləndirilməsi və kadr hazırlığının gücləndirilməsi, Xəzər dənizinin ekologiyası, biologiyası və geologiyası ilə bağlı tədqiqatlara üstünlük verilməsi, Azərbaycanşünaslıq istiqamətində elmi tədqiqatların prioritetliyinin təmin edilməsi, beynəlxalq elmi əlaqələrin, elm və təhsilin inteqrasiyası sahəsində görülən tədbirlərin daha da genişləndirilməsi, AMEA-nın Yüksək Texnologiyalar Parkının maddi-texniki bazasının və kadr potensialının formalaşdırılması, müvafiq infrastrukturunun qurulması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin təmin olunması, “Elektron elm” layihəsi çərçivəsində elmin informasiya təminatının gücləndirilməsi, informasiya texnologiyaları sahəsində tədqiqatların genişləndirilməsi və digər məsələlər Tədbirlər Planında öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: