Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Cəsarətli ideyalar müəllifi
24.05.2017 09:07
  • A-
  • A
  • A+

Cəsarətli ideyalar müəllifi

1970-ci ilin soyuq dekabr günü idi. Kabinetimə ortaboylu, gənc, qıvrımsaçlı bir oğlan daxil oldu. Onun nüfuzedici baxışı o saat yadımda qaldı. Bu gənc İbrahim Quliyev idi. O, özünü tox tutur, suallarıma ətraflı və dəqiq cavablar verirdi. Azərbaycan Neft və Kimya İnstitutunu yenicə bitirmiş İ.Quliyev doğma diyardan uzaqlarda doğulsa da, vətəninə, xalqına məhəbbətini bir an belə qəlbindən çıxarmamışdı. Qeyri-adi istedadı, bir qədər romantikliyi, ziyalılığı, xeyirxahlığı ilə elm ictimaiyyəti tərəfindən sevilən görkəmli alim bu il ömrünün parlaq 70 ilini tamamladı.

Həyatını Elmlər Akademiyasına həsr edən İ.Quliyev laborantlıqdan vitse-prezidentliyə qədər yüksəldi. Bütün bunlardan başqa isə heç də asan olmayan uzun yaradıcılıq və ömür yolu keçmişdi. Repressiya olunmuş ailədə doğulmuş və ilk təhsilini vətəndən uzaqlarda almışdı. Atasının bəraətindən sonra orta məktəbi öz ölkəsində bitirmişdi və 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) Geologiya fakültəsinə daxil olmuşdu. Bu andan etibarən o, taleyini həmişəlik elmə bağlamış və onun zirvəsinə doğru yüksəlmişdi. Bu gün görkəmli alimin həyatı elmə xidmətin parlaq nümunəsidir.

Kurs yoldaşlarının dediyinə görə, hələ tələbəlik illərindən o, özünün liderlik xüsusiyyətləri ilə istər dostları, istərsə də institut kollektivi arasında fərqlənirmiş. İctimai həyatda, komsomol işində fəallığı ilə seçilirdi. Bütün bu xüsusiyyətlərinə görə ali məktəbin rəhbərliyi Estoniya HES-in tikintisinə göndərilən tələbə inşaat dəstəsinə başçılığı ona etibar etmişdi. O, bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlmiş və HES rəhbərliyinin mükafatına - fəxri fərmanına layiq görülmüşdür. 

1970-ci ildə ali məktəbi bitirən İbrahim Quliyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki AMEA Geologiya və Geofizika İnstitutu) görkəmli Azərbaycan alimi, professor Fərid Həsən oğlu Dadaşovun laboratoriyasında başladı. Onun sonrakı yüksəlişində bu laboratoriya çox böyük rol oynadı. İlk geoloji axtarışlarını Filizçay polimetallik yatağının geokimyəvi tədqiqatı ilə başladı, tezliklə axtarışları neft geologiyası problemlərinin həllinə yönəldi və bütün sonrakı elmi uğurları məhz geologiya elminin bu istiqaməti ilə bağlı oldu.

İbrahim Quliyevin ilk böyük elmi işi 1978-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası idi. Tezliklə doktorluq dissertasiyası üzərində çalışmağa başlayan gənc alim 1989-cu ildə onu da uğurla müdafiə etdi. Hər iki dissertasiyanın müdafiəsi Rusiyanın ən nüfuzlu ali məktəblərindən birində - M.Lomonosov adına Moskva Dövlət Universitetində keçirildi. Bu isə həmin tədqiqatların yüksək elmi səviyyəsinin bariz göstəricisi idi. Beləliklə, qısa bir zamanda İbrahim Quliyev neft və qaz geologiyası və geokimyası sahəsində gənc mütəxəssisdən yüksək ixtisaslı alimə çevrildi.

Elmi işlə yanaşı, İbrahim Quliyev ictimai həyatdan da kənarda qalmır, institutun və Elmlər Akademiyasının gənc alimlər cəmiyyətinin fəal üzvlərindən biri kimi tez-tez müxtəlif beynəlxalq və respublika forumlarında iştirak edirdi.

İ.Quliyevin yaradıcılıq uğurları və təşkilatçılıq qabiliyyəti EA rəhbərliyinin gözündən yayınmadı və ona Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsi təklif edildi. Bu xəbəri o, Belarus Polesyesində olarkən aldı. Burada həmkarları ilə birgə süni şəkildə yaradılmış vibroseysmik sahədə flüidodinamikanın monitorinqi üzrə təcrübi tədqiqatlar aparırdı.

Geologiya və Geofizika İnstitutunun kollektivi qarşısında məsuliyyətini dərindən dərk edən görkəmli alim Azərbaycanın ağır dövründə - 1990-cı illərdə geologiya elminin potensialının qorunmasına və inkişafına öz töhfəsini vermiş oldu. Elmdə prioritetləri dərindən duyan alim, Azərbaycan elminin mürəkkəb bir dövründə geologiya və geofizika elminin başlıca inkişaf istiqamətlərini müəyyənləşdirməyə nail oldu.

Görkəmli Rusiya alimlərindən professorlar Dmitri Fyodorov və Leonid Levinlə (“GEON” mərkəzi) birlikdə çap etdirdiyi monoqrafiyada bütün Xəzər regionunda, o cümlədən Azərbaycanda karbohidrogenlərin başlanğıc potensial resursları üzrə proqnoz verilmişdir.

İlk dəfə almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarından qazların çıxmasının elmi-texnoloji prinsipləri müəyyən edilmiş, uzunmüddətli telemetrik monitorinqi təşkil edilmiş, geoloji və kosmik amillərdən asılı olaraq onların zamanla dəyişmə dövriyyəsi müəyyən edilmişdir. Bu tədqiqatlar “istixana effekti” mexanizminin öyrənilməsinə böyük töhfə verməkdədir.

Xəzər dənizində submarin palçıq vulkanlarının və palçıqvulkan qazohidratlarının aşkar edilməsi və geoloji-geokimyəvi baxımdan öyrənilməsi prioriteti də həmkarları ilə birlikdə İbrahim Quliyevə məxsusdur.

Görkəmli alimin tədqiqatlarının nəticələri onlarla nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda məruzə edilmiş, dünyanın aparıcı geoloji nəşrlərində işıq üzü görmüşdür. Onun 10 monoqrafiyası, 222 elmi əsəri var ki, bunlardan 111-i xaricdə, 50-si isə indeksləşmiş jurnallarda nəşr olunmuşdur. 

2008-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı verilmişdir. İbrahim Quliyevin böyük elmi uğurları respublika rəhbərliyinin diqqətindən yayınmamışdır. Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi sahəsindəki əsərlərinə görə o, bir qrup həmkarı ilə 2010-cu ildə müstəqil Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. 

Gənc kadrların hazırlanmasında da İbrahim Quliyevin böyük xidmətlərini unutmaq olmaz. Hamıya məlum olan “Kadrlar hər şeyi həll edir” devizini rəhbər tutan alim bütün elmi-təşkilati fəaliyyəti boyunca bu işə böyük əhəmiyyət vermişdir.

Mövcud problemləri o, başqalarından eşitməmişdi, çünki 1988-ci ildən 1995-ci ilə qədər Azərbaycan Neft Akademiyasının (indiki ADNSU) professoru olmuş, neft və qazın geologiyası və geokimyası üzrə mühazirələr oxumuş, diplomant və dissertantların hazırlanması ilə məşğul olmuşdur. Bundan başqa, bir neçə müddət İbrahim Quliyev universitetin diplom müdafiəsi üzrə Dövlət Komissiyasının sədri olmuşdur. Məhz bu dövrdə İbrahim Quliyev elm və təhsili birləşdirmək ideyasını irəli sürmüş və ADNSU və BDU-nun AMEA institutlarında baza kafedralarının yaradılmasının təşəbbüskarı kimi çıxış etmişdir. Bu isə magistrantlara imkan verirdi ki, ən müasir akademik laboratoriyalarda işləyərək görkəmli alimlərdən məsləhətlər alsınlar.

Sonralar bu ideya daha da inkişaf edərək 2015-ci ildə AMEA-da magistratura pilləsinin yaranmasına səbəb oldu. Onun ilk buraxılışı bu il baş tutacaqdır.

Kadr hazırlığı üzrə İbrahim Quliyevin fəaliyyəti respublikanın sərhədləri ilə məhdudlaşmır. O, dəfələrlə rəsmi opponent kimi Gürcüstana (Gürcüstan Geologiya İnstitutu), Rusiyaya (VNİQRİ, MDU) və Hollandiyaya (Delft Texniki Universiteti) dəvət edilmişdir. O, həm də “Neft-qaz yataqlarının geologiyası və geokimyası” ixtisası üzrə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinə aspirantların elmi rəhbəri kimi dəvət edilmişdir.

İbrahim Quliyev geologiya sahəsində 10 fəlsəfə və 2 elmlər doktoru yetişdirmişdir. Buna görə də təsadüfi deyil ki, 1994-cü ildə İbrahim Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə Ekspert Şurasının sədri təyin edilmişdir.

İbrahim Quliyev 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. 2014-cü ildən o, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür.

2013-cü ildə AMEA-nın vitse-prezidenti təyin edilmiş İbrahim Quliyev bu günə qədər həmin vəzifədə çalışır. Eyni zamanda o, 2016-cı ildən AMEA sistemində yeni yaradılmış Neft və Qaz İnstitutunun direktorudur. 

Azərbaycan Respublikası Prezidentinin 22 may 2017-ci il tarixli sərəncamı ilə İbrahim Said oğlu Quliyev Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 

İbrahim Quliyev respublika və xarici KİV-lə fəal əməkdaşlıq edir, maraqlı müsahibələr verir, tez-tez neft və qaz geologiyası, onların istər ənənəvi, istərsə də qeyri-ənənəvi proqnoz resursları barədə problem məqalələrlə çıxış edir.

İbrahim Quliyev “Azərbaycan geoloqu” jurnalının redaksiya heyətinin üzvüdür, 2006-cı ildən isə Azərbaycan Dövlət Neft Şirkətinin “Azərbaycan Neft Təsərrüfatı” jurnalının baş redaktorudur.

İbrahim Quliyev 40 il bundan əvvəl ideya və planlarla necə coşub-daşırdısa, bu gün də həmin axtarışda davam edir. Əgər bu dövr ərzində onun gur saçları seyrəlibsə, çöhrəsi əvvəlki təravətində deyilsə, elmdəki coşqun fəaliyyəti bir mikron da azalmayıb.

İbrahim Quliyevin gözəl ailəsi var, o, nümunəvi ailə başçısıdır. Onun yaradıcılıq uğurlarında həyat yoldaşı Minə xanımın payı da az deyildir. 

Oğlu Səid fəlsəfə doktorudur, informasiya texnologiyaları sahəsində çalışır. Qızı Sara turizm sistemində işləyir. İbrahim müəllimin dörd nəvəsi var.

Bir dəfə dostlarının birindən soruşdum ki, İbrahimi lakonik şəkildə necə səciyyələndirərdin? O, çox mənalı şəkildə gülümsünüb cavab verdi: “İbrahim - bütün gözəllikləri və gözəlləri sevən bir adamdır”. Bu sevgi isə artıq ümmana çevrilib, bitib-tükənmir...

AMEA-nın prezidenti, akademik Akif Əlizadə

"Azərbaycan" qəzeti, 24 may 2017-ci il

  • Paylaş: