www.science.az
23.05.2017 12:39

Akademik İbrahim Quliyevin 70 illik yubileyi qeyd olunub

Bu gün Geologiya və Geofizika İnstitutunda AMEA-nın vitse-prezidenti,  Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə alimin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıb. Bildirib ki, akademik İ.Quliyev təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. O, almaniyalı həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxması monitorinqinin elmi - texnoloji prinsiplərini şərh etmiş və bu tədqiqatların nəticəsində yer qazlarının həcmində kosmik və geoloji faktorlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilmişdir.

AMEA rəhbəri qeyd edib ki, akademik İ.Quliyev palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmişdir. Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İ.Quliyevə və onun həmkarlarına məxsusdur.

Akademik İ.Quliyevin xidmətlərinin dövlət tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən AMEA rəhbəri onun səmərəli elmi-pedoqoji sahədə fəaliyyətinə görə “Əməkdar elm xadimi” fəxri adına, Azərbaycan Respublikasının “Dövlət mükafatı”na layiq görüldüyünü diqqətə çatdırıb. Prezident İlham Əliyevin 22 may 2017-ci il tarixli Sərəncamı ilə isə alimin “Şöhrət” ordeni ilə təltif edildiyini söyləyən AMEA rəhbəri İ.Quliyevi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, akademik İ.Quliyevin əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Akademik A.Əlizadə alimin elmi kadrların yetişdirilməsindəki xidmətlərinin də diqqətə layiq olduğunu qeyd edib. Bildirib ki, onun rəhbərliyi ilə 10 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. O, Azərbaycanda və xarici ölkələrdə çap olunan 220-dən artıq elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifidir.

AMEA prezidenti alimin şöhrətinin ölkə sərhədlərindən kənara çıxdığını, onun bir sıra ölkələrdə Azərbaycan elmini ləyaqətlə təmsil etdiyini və müxtəlif beynəlxalq qurumların üzvü olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Rusiya Elmlər Akademiyasının (REA) Neft və Qaz Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, REA-nın müxbir üzvü V.Boqoyavlenski, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) vitse-prezidenti, texnika elmləri doktoru Əzizxan Şahverdiyev, RTEA-nın həqiqi üzvü, İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Neft və qaz axtarışları və kəşfiyyatının elmi əsasları kafedrasının rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Vaqif KərimovYer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, akademiklər Arif İsmayılzadə, Hətəm Quliyev, Pərviz Məmmədov, Əkpər Feyzullayev və başqaları alimin neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdiyi töhfələrdən söz açıb, akademiki 70 illik yubileyi münasibətilə təbrik ediblər. Çıxış edənlər onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.

Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Yubiley tədbiri AMEA-nın Neft və Qaz İnstitutunda davam etdirilib. Tədbirdə akademik İ.Quliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.