www.science.az
26.02.2014 00:00

AMEA Botanika İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirildi

Bu gün AMEA Botanika İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş tədbir keçirildi.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra institutun direktoru, professor Validə Əli-zadə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətlərdən bəhs etdi. V.Əli-zadə Xocalı hadisəsinə 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini, bu kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini söylədi. Bildirdi ki, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən son illərdə beynəlxalq səviyyədə Xocalı soyqırımının tanınması və “Xocalıya ədalət!” kompaniyası vasitəsilə həyata keçirilən tədbirlər aparılır. V.Əli-zadə: “Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım kimi tanınması və günahkarların cəzalanması istiqamətində təbliğat işlərinin aparılması hər bir Azərbaycan vətəndaşının borcudur.”

İnstitutun Həmkarlar təşkilatının sədri, b.ü.f.d. Oqtay Mirzəyev tarixi faktlara əsaslanaraq qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Lakin Xocalı soyqırımı Azərbaycan tarixinə bu siyasətin ən dəhşətli hadisəsi kimi daxil olmuşdur.

İnstitutun elmi işlər üzrə direktor müavini v.i.e., b.e.d. Eldar Novruzov baş vermiş hadisələrin erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildiyini vurğuladı. Həmçinin, o, Xocalıda törədilən soyqırımın şahidləri olan xarici jurnalistlərin bu dəhşətli həqiqətləri öz məqalələrində işıqlandırdıqlarını diqqətə çatdırdı.

Tədbirdə institutun əməkdaşları Əməkdar elm xadimi, k.e.d. Sirac Sərkərov, professor Səyyarə İbadullayeva, b.ü.f.d. Faiq Rəsulov, institutun gəncləri adından Aidə Dadaşova Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşdülər. Gənc doktorant Tural Qasımov Xocalı qurbanlarına həsr etdiyi şeiri ilə tədbir iştirakçılarına hüznlü anlar yaşatdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.