Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib
22.05.2017 09:45
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra bölmənin Bioresurslar İnstitutunun Torpaq Ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevin “Naxçıvan Muxtar Respublikası torpaqlarının tədqiqi və mədəni-təbii bitkilər altında qiymətləndirilməsi” mövzusunda elmi məruzəsi dinlənilib. S.Hacıyev ölkədə aqrar sektoru inkişaf etdirmək məqsədi ilə irimiqyaslı dövlət proqramlarının həyata keçirildiyini, bir sıra vacib sərəncamların imzalandığını deyib. Bildirib ki, aqrar sektorun inkişafında başlıca yer tutan torpaq ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni metodların köməyi ilə regionun torpaqları elmi əsaslarla öyrənilməyə başlanılıb: "Tədqiqat işi Naxçıvan Muxtar Respublikası ərazisindəki 550275 hektar sahəni əhatə edib və əkinə yararlı 162391 hektar sahədə yem, taxıl, üzüm və tərəvəz altı torpaqlar götürülüb. Torpaqların öyrənilməsi məqsədi ilə müəyyən edilən istiqamətlər üzrə 150-dən çox ekspedisiyalara gedilib".

Alim aparılan tədqiqatlar əsasında Naxçıvanın təbii, xüsusilə mədəni bitkilər altında yararlı torpaqların ümumi sahəsinin müəyyənləşdirildiyini, orta məsuldarlığın və qiymət ballarının hesablandığını bildirib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün laboratoriya rəhbərinə müvafiq tapşırıqlar verilib.

İclasda akademik İ.Hacıyev "Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri"nin icrası ilə bağlı fəaliyyət proqramı barədə iştirakçılara məlumat verib. Müzakirələrdən sonra 17 bölmədən ibarət əsasnamə Rəyasət Heyətində təsdiq olunub.

İsmayıl Hacıyev cari ildə də qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması, bitki və heyvanlar aləminə aid zəngin materialların, faydalı bitkilərinin müəyyənləşdirilməsi, o cümlədən tədqiqat işlərinin nəticəsi olaraq ümumiləşdirici əsərlərin, mоnоqrafiyaların və kitabların hazırlanıb çap edilməsinin vacibliyindən danışıb. Akademik Naxçıvan ərazisində müvafiq elmi ekspedisiyaların təşkili və keçirilməsi ilə bağlı institut direktorlarına tapşırıqlar verib.

Daha sonra bölmənin şöbə və laboratoriyalarına alınan müasir cihaz və avadanlıqların vəziyyəti barədə Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırovun çıxış edib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: