www.science.az
22.05.2017 10:14

AMEA-nın vitse-prezidentini 70 illik yubileyi münasibətilə təbrik edirik!

May ayının 23-də təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alim, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Səid oğlu Quliyevin 70 yaşı tamam olur.

İbrahim Quliyev 1947-ci il may ayının 23-də Qırğızıstanın Bazar-Kurqan kəndində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhərində 15 nömrəli orta məktəbi bitirmiş və həmin il Azərbaycan  Dövlət Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1970-ci ildə dağ-mühəndisi-geofizik ixtisası üzrə institutu bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda böyük laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1970-ci ildən Geologiya İnstitutunda böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalış, 1985-ci ildən isə bu müəssisənin elmi işlər üzrə direktor müavinidir. Eyni zamanda, AMEA-nın vitse-prezidenti və yeni yaradılan Neft və Qaz İnstitutunun direktorudur.

İ.Quliyev 1978-ci ildə Moskvada “Azərbaycanın təbii qazlarının zonalılığı və neft-qaz yataqlarının qaz-geokimyəvi axtarışı üsulları”  mövzusunda namizədlik, 1989-cu ildə Moskva Universitetində “Alp dağlararası çökəkliklərin qaz rejimi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2008-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Geoloq alimin rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA-nın Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxması monitorinqinin elmi - texnoloji prinsiplərini şərh etmişdir və bu tədqiqatların nəticəsində yer qazlarının həcmində kosmik və geoloji faktorlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır.

Akademik İ.Quliyev palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmişdir. Aparılan tədqiqatlar çöküntü süxurlarının spontan (öz-özünə əmələ gələn) həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş və seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərilmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modeli hazırlanmışdır.

Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İ.Quliyevə və onun həmkarlarına məxsusdur.

Geoloq alimin əsas elmi tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir. O, sürətlə çökmə şərti daxilində karbohidrogenlərin əmələgəlmə, miqrasiya və yığılma surətlərini öyrənmək üçün orijinal tədqiqatlar aparmış, hövzə modelləməsi, geokimyəvi və izotop tədqiqatları əsasında Cənubi-Xəzər hövzəsində karbohidrogenlərin əmələgəlmə və toplanmasının limit dərinlikləri və geniş dərinlik intervalı (16-18 km qədər) müəyyənləşdirmişdir. Bu tədqiqatlar Azərbaycanda karbohidrogen yataqları axtarışının effektivliyinin artırılmasına, quruda və dənizdə yeni neft-qaz yataqlarının tapılmasına köməklik etmişdir.

İ.Quliyev Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi istiqamətində tədqiqatlarına görə Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Akademik İ.Quliyev Amerika Neftçi-Geoloqlar Assosiasiyasının Azərbaycan bölməsinin prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. Həmçinin Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin üzvü, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Milli Komitəsinin prezidentidir. O, 2015-ci ildə Çin Xalq Respublikasının Sıçuan Universitetinin fəxri professoru seçilmişdir.

Alimin elmi kadrların yetişdirilməsindəki xidmətləri də diqqətə layiqdir. Onun rəhbərliyi ilə 10 fəlsəfə doktoru və  2 elmlər doktoru yetişdirmişdir. O, Azərbaycanda və xarici ölkələrdə çap olunan 220-dən artıq elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. 

Geoloq alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Səmərəli elmi-pedoqoji sahədə fəaliyyətinə görə o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2010-cu ildə isə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatına layiq görülmüşdür. Həmçinin Azərbaycan elminə verdiyi töhfələrə görə AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur.

2015-ci ildə isə akademik İ.Quliyev Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” («Рыцарь науки и искусства») fəxri nişanı ilə təltif edilmişdir.

Tanınmış elm mücahidini 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.