Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.05.2017 14:54
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun elmi şurasının növbəti iclası keçirilib

Geologiya və Geofizika İnstitutunun elmi şurasının növbəti iclası keçirilib

Mayın 19-da AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib.

Tədbiri AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə açaraq Akademiyada magistratura təhsilinin genişləndirildiyini, qəbulun sayının artırıldığını bildirib. Akademik şöbə rəhbərlərinə yaradılmış imkandan səmərəli istifadə etməyi və yeni kadrları daha böyük səylərlə hazırlamağı tapşırıb.

Həmçinin akademik A.Əlizadə institutun Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin müdiri Əkpər Feyzullayevin akademik, institutun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynovun AMEA-nın müxbir üzvü seçilmələri münasibəti ilə kollektiv adından təbrik edib.

Sonra D.Hüseynov iştirakçıları iclasın gündəliyindəki məsələlərlə tanış edib.

İclasda Seysmostratiqrafiya şöbəsinin müdiri, akademik Pərviz Məmmədovun “Cənubi və Orta Xəzər hövzələrinin regional seysmostratiqrafiyası” mövzusunda məruzəsi dinlənilib. Bildirib ki, çoxillik geofiziki və seysmostratiqrafik tədqiqatlar nəticəsində Cənubi və Orta Xəzər hövzələrinin dərinlik quruluşu, paleotektonikası, paleocoğrafiyası, geodinamiki təkamülü və neft-qaz perspektivli çöküntü kompleksləri haqqında çox maraqlı elmi nəticələr alınıb: "Plitələrin tektonikası konsepsiyasına əsasən riftogenez və spredinq nəticəsində Cənubi Xəzər hövzəsinin açılması və Uilson tsikli ərzində formalaşması, onun konsolidə olunmuş qabığının okean tipli olması və Skif-Turan platforması altına subduksiyası haqqında təkzib olunmaz faktiki məlumatlar toplanılıb".

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.

Həmçinin P.Məmmədovun Cənubi və Orta Xəzər hövzələri üzrə apardığı seysmostratiqrafik tədqiqatların nəticələrinə həsr edilən monoqrafiyanın hazırlanması tövsiyə olunub.

Daha sonra elmi tədqiqat işləri üzrə araşdırmaların nəticələri müzakirə edilib.

"Filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi (Daşkəsən rayonunun filiz obyektləri timsalında)" mövzusunda aparılan tədqiqatlar, AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında imzalanmış proqram çərçivəsində, həmçinin GGİ-nin Ukrayna alimləri ilə birgə apardığı işlərin gedişatı haqqında çıxışlar dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: