Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dünya palçıq vulkanları atlası”nın AMEA-da biliklər iqtisadiyyatının formalaşmasına töhfəsi
18.05.2017 15:14
  • A-
  • A
  • A+

“Dünya palçıq vulkanları atlası”nın AMEA-da biliklər iqtisadiyyatının formalaşmasına töhfəsi

Dünyada ilk dəfə AMEA-nın Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən hazırlanmış və İtaliyada nəşr olunmuş “Dünya palçıq vulkanları atlası” yerli və xarici mütəxəssislərin ciddi marağına səbəb olub. GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirir ki, elmi ictimaiyyətdə atlasa bu cür tələbat AMEA-da biliklər iqtisadiyyatının formalaşmasına töhfə verə bilər. Müasir elmi-texniki avadanlıqların imkan verdiyi çərçivədə laborator analizlər sahəsində bu cür təcrübə qazanmış qurum bunu nəşrlər sahəsində də tətbiq etməyə çalışır.

Qeyd edək ki, atlasda Alp-Himalay dağları və Sakit okeanın əhatə etdiyi tektonik qurşaqlarda yerləşən 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin  dərinliklərində intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib. Nəşrdə vulkanların morfologiyası, struktur mövqeyi və püskürmə məhsulları ətraflı şərh olunur. Burada yarım əsr ərzində palçıq  vulkanlarını öyrənən Azərbaycan alimlərinin əvvəllər əldə etdikləri nəticələr qlobal miqyasda təsdiqini tapır. 

GGİ-nin Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirir ki, Yer kürəsində 2500-dən artıq palçıq vulkanı müəyyən edilib. Onların 350-dən çoxu Azərbaycanda yerləşir. Atlasdakı bütün vulkanlar ilk dəfə olaraq iki genetik tipə – palçıq vulkanları və palçıq vulkanı təzahürlərinə ayrılır. Buradakı məlumatlar dünya üzrə palçıq vulkanlarına dair aparılmış 600-dən çox ədəbiyyat materallarının tərcüməsi və təhlili nəticəsində əldə olunub. Atlasda 450 rəngli şəkil, o cümlədən xəritə və sxemlər, yer üzərində, peyk və helikopterdən çəkilmiş 340 foto, 136 cədvəl verilib.

Atlas hər biri 320 səhifə olan azərbaycanca, ingilis və rus variantlarında hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: