Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2017 14:22
  • A-
  • A
  • A+

AMEA-da istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyi qeyd olunub

AMEA-da istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyi qeyd olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun və Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Tədbirdə MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova istiqlal şairi Ə.Cavadın həyat və yaradıcılığı barədə danışıb. MEK-in Milli Rəqəmsal Yaddaş layihəsi barədə məlumat verən L.İmanova burada Azərbaycan üçün milli dəyərlərə malik zəngin materialların, həmçinin Əhməd Cavadın əsərlərinin, onun haqqında yazılmış mənbələrin toplanıldığını, rəqəmsallaşdırıldığını və beynəlxalq mübadiləyə hazır elektron kataloqa daxil edildiyini bildirib.

Sonra Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Milli istiqlal şairi Əhməd Cavad: həyatı, mühiti, ədəbi estetik və sosial-siyasi görüşləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Ə.Cavad fəaliyyəti ilə dövlətçiliyimizin, ədəbiyyatımızın tarixi yaddaşına əbədi yazılıb.

Konfransda Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli, “Cavid ömrü” filmində Ə.Cavad obrazını yaratmış Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi İdarəsinin şöbə müdiri Aslan Qasımlı, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki səfiri Ufuk Turganer və Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Ə.Cavad haqqında arxiv sənədlərində olan məlumatlardan, şair haqqında yazılan nəşrlərdən, türk millətinə qarşı aparılan repressiyalardan danışılıb.

Sonda şairin nəticəsi Cavad Axundzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: