Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünas alimlər milli iqtisadiyyatın inkişafında strateji yol xəritələrinin əhəmiyyətini vurğulayıblar
15.05.2017 10:40
  • A-
  • A
  • A+

Şərqşünas alimlər milli iqtisadiyyatın inkişafında strateji yol xəritələrinin əhəmiyyətini vurğulayıblar

Mayın 12-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının iclasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” ilə bağlı müzakirələr keçirilib.

Tədbirdə strateji yol xəritələrinin əhəmiyyətindən danışan institutun direktoru, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, milli inkişafın bütün istiqamətlərində önəmli uğurlara imza atmış, XXI əsrin onuncu illərində iqtisadiyyatın artım səviyyəsinə görə dünya öncülü olmuş Azərbaycan zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənib. Son dövrlərdə dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində kəskin eniş Azərbaycana da mənfi təsir göstərsə də, ölkə rəhbərliyinin çevik iqtisadi siyasəti, zamanında görülən tədbirlər qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirməyə imkan yaratdı. Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərman da mövcud çətinliklərin aradan qaldırılmasında və ölkənin gələcək iqtisadi inkişafının təmin edilməsində böyük önəm kəsb edəcək. G.Baxşəliyeva bildirib ki, strateji yol xəritələrində əks olunan kompleks tədbirlərin icrasında dövlət qurumları ilə yanaşı sadə insanlardan tutmuş vətəndaş cəmiyyətinin institutlarına qədər bütün maraqlı tərəflərin yaxından iştirakı və dəstəyi zəruridir.

İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev strateji yol xəritələrinin əhəmiyyətindən danışaraq, qeyd edib ki, onların icrasında başlıca məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətinin və sosial rifahın artırılmasının təmin edilməsindən ibarətdir. Strateji yol xəritələrində dayanıqlı inkişafa nail olunması üçün əsas strateji hədəflərdən danışan D.Vəliyev qeyd edib ki, strateji yol xəritələri ölkə iqtisadiyyatının keyfiyyətcə yeni dönəmə keçidini şərtləndirir. Onun icrası Azərbaycan milli iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də  ölkə həyatının bütün sahələrində tərəqqini təmin edəcəyinə, dövlətimizi beynəlxalq arenada daha da  gücləndirəcəyinə görə, mühüm stratejı əməmiyyəfə malikdir.

Tədbirdə intitutun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, f.ü.f.d. Esmeralda Həsənova, Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d Səməd Bayramzadə, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov və başqaları çıxış edərək, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ni dəstəklədiklərini və onun icrasının ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacağına inandıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: