Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan İslam sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrilir
15.05.2017 09:21
  • A-
  • A
  • A+

Azərbaycan İslam sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrilir

Son illər keçirdiyi qlobal əhəmiyyətli tədbirlərlə regionun əsas iqtisadi və siyasi güc mərkəzlərindən biri olduğunu təsdiq etmiş müstəqil Azərbaycan bu günlərdə daha bir mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır: mayın 12-dən start götürəcək IV İslam Həmrəyliyi Oyunları ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin və mövcud iqtisadi-siyasi potensialının təbliği baxımından əhəmiyyətli olmaqla yanaşı, ümumən uıtikal təbliğat platforması kimi diqqəti çəkir.

Xatırladaq ki, Azərbaycan Respublıkasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. 2013-cü il iyulun 21-dən 25-dək isə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyası keçirilmiş və Assambleyada səsvermə zamanı tam yekdilliklə respublikamızın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilmişdir. Mərasim iştirakçıları Azərbaycanın idman uğurlarını yüksək qiymətləndirmiş və ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil edəcəyinə əminliklərini bildirmişlər.

Bu qərar iqtisadi qüdrətini getdikcə artıran Azərbaycanda son illər idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Ölkəmizin dünyada Olimpiya məkanı kimi tanınması, dünya miqyaslı yarışlara, ilk Avropa Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı tarixi qərarın qəbul olunmasına təsir edən mühüm amillər sırasındadır.

Şübhəsiz, bu idman tədbirinin keçiriləcəyi məkan seçilərkən, ilk növbədə, dövlətimizin mötəbər yarışlara ev sahibliyi etmək üçün zəruri siyasi sabitliyə, iqtisadi potensiala, müasir şəhər infrastrukturuna, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi ciddiliklə nəzərə alınmışdır. Məlum qərar həm də respublikamızın Avropa məkanında siyasi nüfuzu demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına, tolerantlıq prinsipinə sadiqliyi ilə şərtlənir. 

Azərbaycan Prezidenti canab İlham Əliyevin bəyan etdiyi kimi son 14 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir dövlət yoxdur. Ötən illər, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm iri layihələrin reallaşdırılması ilə səciyyəvidir. Xüsusən də enerji və kommunikasiya layihələrinin əksəriyyətinin əhəmiyyətinin region hüdudlarını aşaraq bilavasitə Avropanın strateji maraqları ilə bağlı olması da respublikamızın bu geosiyasi arealdakı müvqeyini və siyasi nüfuzunu artıran mühüm amillər sırasındadır.

Bununla yanaşı, respublikamız regional və beynəfxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Dinamik iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan hazırda həm də dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınır. Bu müsbət imicin əsasında Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Bu mənada, idmançılarımızın nailiyyətləri, dövlətin idmanın inkişafına ardıcıl dəstəyi, mövcud idman infrastrukturu da nəzərə alınaraq IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi qərara alınmışdır. 

Şübhəsiz, bu məqamda Azərbaycanın təşkilatçılığının beynəlxalq miqyasda yüksək dəyərləndirildiyi faktını da xüsusi qeyd etmək lazımdır. Azərbaycan hələ 2012-ci ildə “Eurovision” musiqi yarışmasını yüksək səviyyədə keçirməklə müəyyən yanlış tərəddüdləri olan ölkələri sözün həqiqi mənasında da heyrətləndirmiş, qərəzli, ölkəmizə düşmən mövqeyi bəsləyən şəbəkəni fakt qarşısında qoymuşdur. Sonrakı mərhələdə — 2015-ci ildə ilk Avropa Oyunları, 2016-cı ildə keçirilmiş “Formula-1” yarışları zamanı respublikamızın nümayiş etdirdiyi yüksək təşkilatçılıq və qonaqpərvərliyi ilə Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir. Ən başlıcası, xalqımıza xas milli koloriti, mətbəxi, adət-ənənələri və incəsənət nümunələrini Avropaya təqdim etmişdir. Şübhəsiz, bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi olmuşdur. 

Bu da təsadüfi deyildir ki, dövlətimizin başçısının 18 sentyabr 2015-ci il tarixli sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həmin Komitənin sədri təyin edilməsi mötəbər idman oyunlarının yüksək səviyyədə keçirilməsinə xidmət edən obyektiv qərar kimi qarşılanmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə - “Eurovision” musiqi yarışmasında və ilk Avropa Oyunlarında olduğu kimi - İslam Həmrəyliyi Oyunlarına hazırlıq da xüsusi plan üzrə, sistemli və ardıcıl şəkildə, yüksək təşkilatçılıq və zövqlə həyata keçirilib.

İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu zamanı Azərbaycanda tarixən müxtəlif etnosların dinc yanaşı yaşadıqları, xalqımızın yüksək dini və milli tolerantlıq səviyyəsi, qonaqpərvərliyi, zəngin mədəni irsi, tarixi abidələri və s. sadalamadığımız bir çox həssas məqamlar da ciddiliklə nəzərə alınmışdır. 

Son illər bir sıra Avropa ölkələrində baş verən dözümsüzlük, ksenofobiya, islamafobiya meyilləri Avropanın özünün bəzi postsosialist dövlətlərindən tolerantlıq örnəyi götürməsinə ehtiyac olduğunu göstərir. Bu baxımdan, Azərbaycanda milli və etnik tolerantlıq baxımından mövcud vəziyyəti xüsusi qeyd etmək lazımdır. Tarixən müxtəlif din, məzhəb, dil və mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi yüksək inkişaf etmişdir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Əksinə, Azərbaycan tarixən dinlərin həmrəyliyinə çalışan bir ölkə kimi tanınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin “Azərbaycanda İslam Həmrəyliyi İli” elan edilməsi də, bu mənada, obyektiv reallıqlara söykənir. Dövlətimizin başçısının “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” sərəncamında bildirilir: “Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. 

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır”. 

Bütün bunlar respublikamızın İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsindəki əzmkar fəaliyyətinin müsəlman dünyası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) səviyyəsində yüksək dəyərləndirildiyinə dəlalət edir. Son 25 ildə İƏT və bu təşkilata daxil olan ölkələrlə çoxşaxəli və ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan pozitiv nəticələri xüsusi vurğulamaq lazımdır. Hazırda 60-a yaxın dövlətin üzv olduğu İƏT dünya siyasətində sözü eşidilən, mövqeyi nəzərə alınan mötəbər təşkilat sayılır. Təşkilatın əsas məqsədi müsəlman aləmini birləşdirərək, həmrəyliyi təmin etmək, dövlətlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı gücləndirmək, müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün səmərəli fəaliyyət göstərməkdir. 

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müsəlman dövlətlərinin nüfuzlu təşkilatı olan İKT ilə münasibətlərin genişləndirilməsinə mühüm önəm verərək bunu xarici siyasətdə vacib istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Beləliklə, respublikamız təşkilatın maliyyə, informasiya və siyasi dəstək göstərmək imkanlarından daha səmərəli istifadə etmişdir. İKT-yə (indi İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında keçirilən VII konfransı ümummilli lider Heydər Əliyev qatıldığı ilk sammit olmaqla yanaşı, Azərbaycanın problemlərinin müsəlman dövlətlərinin diqqətinə dolğun surətdə çatdırmaq baxımından da ilk geniş imkan idi. Ulu öndər bu konfransda geniş məzmunlu nitq söyləyərək Ermənistanın Azərbaycana təcavüzü və onun dəhşətli nəticələri barədə fikirlərini iştirakçıların diqqətinə çatdırmışdır. İKT xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” adlı növbəti qətnamə qəbul olunmuşdur. 

İKT dövlət və hökumət başçılarının 2003-cü ilin oktyabr ayında Putraçiyada keçirilmiş X zirvə toplantısının qəbul etdiyi qətnamələr təşkilatla Azərbaycan arasında genişmiqyaslı əlaqələrə təkan vermişdir. Həmin toplantıda “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnamə qəbul edilmiş, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işğalı, bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayiət olunan əməlləri pislənmişdir. 

Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunu inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı və onun müxtəlif ölkələrdə yerləşən mərkəzləri ilə əlaqələrin genişləndirilməsini vacib saymış, bunun üçün zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar vermişdir. 2008-ci ildə təşkilata üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası Bakıda keçirilmiş, ilk dəfə keçirilən bu mötəbər tədbirdə müsəlman dünyasının bir sıra aktual problembləri, o cümlədən terrorizmə qarşı mütəşəkkil mübarizə, qlobal münaqişə ocaqlarının həlli yolları və digər vacib məsələlər ətrafında müzakirələri aparılmışdır.

Bu gün İslam həmrəyliyini zəruri edən amillərdən biri də Qərbdə islamafobiya meyillərinin getdikcə genişlənməsi, İslamın nüfuzuna qərəzli olaraq xələl gətirilməsi cəhdləri ilə şərtlənir. Halbuki, İslam dini hər cür zorakılığı və cinayətkar əməlləri yolverilmez sayır. İƏT və müsəlman dövlətləri terrorizmi bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükə hesab edirlər. Dünya ictimaiyyəti, xüsusilə İslam dünyası bu təhlükədən daha çox əziyyət çəkir, sivilizasiyalararası toqquşmanın təzahürü kimi İslam dininin gerçək mahiyyətinin təhrif olunmasına, onun terrorizmlə əlaqələndirilməsinə uğursuz cəhdlər edilir. Erməni terrorizmi ilə üzləşmiş Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutur.

İƏT-in Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun 2008-ci ilin avqustunda daimi qarargahının Türkiyə Respublikasında keçirilən açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu tədbiri də mühüm tarixi hadisə kimi dəyərləndirmişdir. İslam ölkələri gənclərinin ümumi məqsəd və məramlar uğrunda səfərbər olunması vacibliyini önə çəkən cənab İlham Əliyev bu mütəşəkkilliyin qarşıya qoyulan perspektiv məqsədlərin gerçəkləşməsinə müsbət təsir göstərəcəyini vurğulamışdır. Azərbaycan dövlətinin qurumun təşkilatlanması üçün 100 min ABŞ dolları məbləğində maliyyə yardım göstərməsi də Prezident cənab İlham Əliyevin İKT-yə daxil olan gənclərin monolit qüvvəyə çevrilməsində nə dərəcədə maraqlı olduğunu tasdiqləmişdir. İKT-nin Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun xəttilə Qarabağ həqiqətlərini əks etdirən ilk kitabın nəşr olunmasını və ərəb dilinə tərcümə edilməsini yüksək dəyərləndirən dövlət başçısı qurumun fəaliyyətinin praktik nəticələr verdiyini də razılıqla bildirmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırmı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təsəbbüş əsasında həyata keçirilır. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət!” Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi - beynalxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. 

Bu məqsədlə dünyanın son illərdə bir çox ölkələrində “Xocalıya ədalət!” veb-saytının təqdimetmə mərasimləri keçirilmişdir.

Son illər Azarbaycanla İƏT ölkələri arasında humanitar və mədəni sahələrdə əmakdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Respublikamızın müsəlman dövləti kimi İslam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaratmışdır. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxah, nəcib və savab əməlləri müsəlman dünyasında yüksək dəyərləndirilir. İslami inanclara və milli-mənəvi dəyərlərə yüksək həssaslıq nümayiş etdirən Azərbaycanın birinci xanımının fəaliyyəti İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən alqışlanır. Mehriban xanım Əliyevanın İslam ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) xoşməramlı səfiri adına layiq görülməsi də bütövlükdə Azərbaycanın qazandığı böyük nailiyyətdir. Qürur doğuran haldır ki, İSESCO-nun xoşməramlı səfiri adı qadınlar arasında ilk dəfə məhz Mehriban xanım Əliyevaya verilmişdir.

Xatırlatmaq lazımdır ki, İSESKO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin 21-23 noyabr tarixində Liviyanın Tripoli şəhərində keçirilən beşinci konfransında Bakı şəhəri 2009-cu ildə “İslam Mədəniyyətinin paytaxtı” seçilmiş, il çərçivəsində ölkəmizin zəngin İslam mədəniyyətinə verdiyi töhfələr, habelə islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsindəki əzmkar səyləri beynəlxalq miqyasda yüksək dəyərləndirilmişdir. 2009-cu ildə həmçinin, Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin 6-cı konfransı keçirilmişdir.

May ayının 12-dən 22-dək Bakıda “Həmrəylik bizim gücümüzdür” şüarı altında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkədən 3000-dək idmançının iştirakı gözlənilir. İnanırıq ki, IV İslam Həmrəyliyi Oyunları mahiyyətcə Azərbaycanın malik olduğu turizm və idman potensialının, siyasi və iqtisadi qüdrətinin, zəngin mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə yanaşı, ölkəmizin mədəniyyət və sivilizasiyaların qovşağındakı unikal coğrafi mövqeyini, mədəni və etnik rəngarəngliyini bütün dünyaya nümayiş etdirəcəkdir.

İlham Məmmədzadə, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor

"Respublika" qəzeti, 11 may 2017-ci il

  • Paylaş: