www.science.az
11.05.2017 11:12

“Nanomaterialların alınma metodları” kitabı nəşr olunub

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Nanomaterialların alınma metodları” kitabı nəşr olunub.

Kitabda nanohissəciklərin və nanomaterialların alınmasının fiziki və kimyəvi metodları, bir, iki, üç ölçülü kip nanomaterialların hazırlanması və tətbiq sahələri barədə məlumat yer alıb. Həmçinin nanomaterialların fiziki və kimyəvi xassələri araşdırılaraq onların sintez şəraitləri nəzəri təhlil edilib və bu şəraitə uyğun gələn müvafiq metodlar sistemləşdirilib.

Yeni nəşrdə müasir dövrdə nanotexnologiyada geniş istifadə edilən ənənəvi və qeyri-ənənəvi metodlar iki yanaşma – “yuxarıdan aşağı” və “aşağıdan yuxarı” prinsipləri əsasında təsnif edilib, kondensasion və disperqasion metodlara daxil olan sintez üsulları, o cümlədən fiziki və kimyəvi metodlarla alınan nanomaterialların quruluşu, xassələrinin tədqiqi haqqında məlumat verilib.

10 fəsildən ibarət olan kitabdan kimya və fizika ixtisası üzrə təhsil alan tələbələr, doktorantlar və mövzu ilə maraqlanan tədqiqatçılar istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.