www.science.az
10.05.2017 09:17

Ulu öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətlər göstərib

Mayın 8-də AMEA Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Bu müəssisənin elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Eldar Novruzov Azərbaycanın qədim dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin özünəməxsus yer tutduğunu söyləyib.

Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə elm, təhsil, iqtisadi və aqrar sahələrə göstərdiyi diqqət və qayğıdan danışan E.Novruzov dahi rəhbərin hələ keçmiş sovet dövründə azərbaycanlı kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev siyası fəaliyyəti dövründə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb. Ulu öndər müstəqilliyinin ilk illərində parçalanma təhlükəsi qarşısında qalan Azərbaycanı xilas edərək ölkəmizi dinamik inkişaf yoluna çıxarıb. Görkəmli dövlət xadiminin adı bu gün Azərbaycan xalqının qürur mənbəyinə çevrilib.

Tədbirdə Botanika İnstitutunun Azad Həmkarlar Təşkilatının sədri, b.ü.f.d. Oktay Mirzəyev, b.e.d. Mayis Qasımov, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov, doktorant Tural Qasımov və başqaları dahi rəhbərin Azərbaycanın tarixindəki rolundan, ölkəmizdə bütün sahələrin inkişafında məqsədyönlü siyasətindən danışıblar.

Sonda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.