www.science.az
08.05.2017 12:16

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkəmizin mədəni irsinə vurulan ağır zərbədir

AMEA-nın Elm Tarixi İnstitutunda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli 25 il bundan əvvəl - 1992-ci il mayın 8-də Azərbaycanın tarixi mədəniyyət məkanı olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ölkəmizin mədəni irsinə vurulan ağır zərbə olduğunu bildirib. Qeyd edib ki, bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali öz doğma torpağından didərgin salınıb.

Şuşada Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin yetişdiyini deyən M.Seyidbəyli şəhərdəki kitabxana, elm və təhsil ocaqlarının dağıdıldığını, yüzlərlə İslam mədəniyyəti abidələrinin ermənilər tərəfindən məhv edildiyini bildirib.

Alim çıxışının sonunda Azərbaycanın güclü ordusunun torpaqlarımızı istənilən vaxt işğaldan azad etmək iqtidarında olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.