www.science.az
28.04.2017 11:48

AMEA-nın Ümumi yığıncağında elmi nailiyyətlər sərgisi təşkil olunub

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Akademiyanın fəaliyyətini əks etdirən elmi nailiyyətlər sərgisi ilə tanış olublar.

AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər, Akademiyanın Yüksək Texnologiyalar Parkında istehsal olunan yeni məhsullar nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda institut və təşkilatların fəaliyyətini əks etdirən videoçarxlar təqdim olunub.

Sərgini ziyarət edən qonaqlara Akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən elmi əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.