Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Görkəmli elm xadimi Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı binada “Ədibin evi”nin açılışı olub
27.04.2017 15:21
  • A-
  • A
  • A+

Görkəmli elm xadimi Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı binada “Ədibin evi”nin açılışı olub

Görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkan “Ədibin evi” adı ilə mədəniyyətsevərlərin istifadəsinə verilib.

Açılış mərasimində Mir Cəlal Paşayevin oğlu, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək bu məkanın ailəsi üçün əziz olduğunu bildirib. Qeyd edib ki, “Ədibin evi”nin yaradılmasında məqsəd buranı mədəniyyət ocağına çevirməklə Mir Cəlal Paşayevin irsini davam etdirməkdir.

Bildirilib ki, Mir Cəlal Paşayevin bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini nəsr əsərləri ilə daha da zənginləşdirib. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur.

Tədbirdə Mir Cəlal Paşayevin tələbələri - akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Xalq şairi Nəriman Həsənzadə və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər.

Sonra ədibin böyük oğlu, akademik Arif Paşayev çıxış edərək ailə üzvləri adından görüşə gələnlərə minnətdarlığını bildirib.

Sonda ADA Universiteti ilə Azərbaycan Televiziyasının birgə istehsal etdiyi professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.

Qeyd edək ki, Mir Cəlal Paşayev “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, “Füzuli sənətkarlığı” elmi əsərini, həmçinin bir çox satirik hekayələrini bu evdə yazıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: